AZ

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında kitabı çap olunub

Ankara, 21 yanvar, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tanınmış soydaşlarımızın irsinin araşdırılması, tədqiqi və təbliği çərçivəsində Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” kitabı Türkiyə türkcəsində nəşr edilib. Kitabı nəşrə hazırlayan azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməddir.

Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri də yer alıb.

Tərtibçi Dilqəm Əhməd kitabda vurğulayır ki, “Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir”.

Qeyd edək ki, kitabdakı materiallar Əhməd bəy Ağaoğlunun həyat hekayəsi və şəxsiyyətini dərindən tanımaq istəyənlər, habelə tarix və mədəniyyət məsələlərində fərqli bir perspektiv axtaran oxucular üçün əhəmiyyətlidir.

Kitabda ilk dəfə tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də yer alıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, kitabın Ankara Dövlət Universiteti və İstanbul Universitetində geniş təqdimatının keçirilməsi, habelə Türkiyənin aparıcı universitetlərinə, kitabxanalarına hədiyyə olaraq göndərilməsi nəzərdə tutulur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
27
5
azertag.az

6Mənbələr