Azərbaycanda əmək qanunvericiliyinə “məsafədən (distant) iş” anlayışının əlavə edilməsi təklif olunub. Təklifə əsasən, distant işin hüquqi çərçivəsinin formalaşdırılması və işçilərin əmək funksiyalarını məsafədən yerinə yetirməsi üçün əsasların müəyyənləşdirilməsi məqsədilə Əmək Məcəlləsinin 3-cü maddəsinə yeni anlayış daxil edilir.
Məsələ ilə bağlı QHT.az-a açıqlama verən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, Əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklər bir daha dövlət tərəfindən əhaliyə diqqət və qayğının göstəricisidir. Xüsusilə ailə vəziyyəti ilə məsafədən çalışmaq imkanın yaradılması, ailənin sosial vəziyyətinin yüksək təminatının təmin edilməsi atılan önəmli addımlardandır:
"Gender bərabərliyi ilə bağlı imzalanmış fərman azyaşlı övladı olan hər iki valideynə dövlət tərəfindən məzuniyyət hüquqi yaradıldı. Bu isə əhalinin daha stabil və sosial təminatlı yaşayışının davam etdirilməsinə imkan yaradır".
Pərvanə Fərhadqızı