Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya görə bir neçə Avropa ölkəsinə tətbiq etdiyi yeni tarifləri tənqid edib.
Makron "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Paris Avropa daxilində və onun hüdudlarından kənarda dövlətlərin suverenliyi və müstəqilliyi prinsipinə sadiqdir.
"Biz məhz bu mövqedən Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Elə bu səbəbdən də biz Danimarka tərəfindən Qrenlandiyada təşkil olunan təlimlərə qoşulmaq qərarı verdik. Bu qərarı dəstəkləyirik. Çünki burada Arktikanın və Avropamızın sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmdədir. Heç bir təhdid bizi nə Ukrayna, nə Qrenlandiya ilə bağlı tutduğumuz mövqedən çəkindirə bilməz.Tariflərin tətbiqinə gəlincə, bu, qəbuledilməzdir. Avropa ölkələri buna koordinasiyalı şəkildə cavab verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", – Makron vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi.
Ağ Ev bu gün Danimarka, İsveç, Norveç, Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib. Bu tarif sonradan 25%-ə qədər artırıla bilər və Vaşinqton tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılaşma bağlanana qədər qüvvədə qalacaq.