Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı vəziyyətə görə rüsumlar tətbiq etmək qərarını qəbuledilməz adlandırıb.
"Ölkə.az" xəbər verir ki, müvafiq açıqlama Fransa liderinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
O qeyd edib ki, Paris Avropa daxilində və onun hüdudlarından kənarda dövlətlərin suverenliyi və müstəqilliyi prinsipinə sadiqdir.
"Biz məhz bu mövqedən Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Elə bu səbəbdən də biz Danimarka tərəfindən Qrenlandiyada təşkil olunan təlimlərə qoşulmaq qərarı verdik. Bu qərarı dəstəkləyirik. Çünki burada Arktikanın və Avropamızın sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmdədir.
Heç bir hədə və ya təhdid bizi nə Ukraynada, nə Qrenlandiyada, nə də dünyanın başqa bir yerində bu kimi vəziyyətlərdə təsir altına sala bilər.
Rüsumların tətbiqi ilə bağlı hədələr bu kontekstdə qəbuledilməz və yolverilməzdir. Əgər bu təsdiqlənərsə, avropalılar vahid və koordinasiyalı şəkildə reaksiya verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", – deyə Makron vurğulayıb.
O bildirib ki, bu mövzuda Avropa tərəfdaşları ilə danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi.