Venesuela müxalifət lideri və 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Corina Machado ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatı medalını təqdim edib. Machado bildirib ki, bu addım Trampın Venesueladakı vəziyyəti anladığını göstərir.
Machadonun sözlərinə görə, görüş Venesuelanın çətin dövründə xalqın gözləntiləri və ümidlərini müzakirə etmək üçün imkan yaradıb. Lakin o, jurnalistlərə Trampın medalı rəsmi olaraq qəbul edib-etmədiyi barədə aydın məlumat verməyib.
Norveç Nobel Komitəsi daha əvvəl açıqlayıb ki, mükafat elan edildikdən sonra geri götürülə, bölünə və ya başqa şəxsə verilə bilməz; qərar qətidir və qüvvədə qalır.
Reuters yazır ki, Nobel medallarının simvolik ötürülməsi halları tarixdə olub. Məsələn, 1943-cü ildə Nobel laureatı Knut Hamsun medalını Nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsə təqdim etmişdi – hadisə mübahisəli, lakin sənədləşdirilmiş nümunə kimi göstərilir.
Machado əlavə edib ki, o, Nobel Sülh Mükafatını Tramp ilə “bölüşməyi” təklif edib və ABŞ liderinin addımlarını tarixi əhəmiyyətli, Venesuelada demokratik dəyişikliklərin təşviqində mühüm hesab edir. Onun sözlərinə görə, oktyabrda aldığı medal Trampın uzun müddətdir arzuladığı mükafatdır.
Maria Corina Machado 2025-ci il Nobel Sülh Mükafatına “Venesuela xalqının demokratik hüquqlarının təşviqi, diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda davamlı mübarizəsinə görə” layiq görülüb.
Gülnar