UNEC-də “İBİ” MMC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə tələbələr arasında innovativ ideyaların yarışdığı hakaton keçirilib.
Moderator.az xəbər verir ki, hakatonda UNEC tələbələri “B2B həllər” və “Yaşıl Qarabağ” mövzuları üzrə real problemlərə kreativ və rəqəmsal həllər təqdim ediblər.
“B2B həllər” hakatonu korporativ mühitdə biznes problemlərinin həllinə həsr olunub. Seçim mərhələsindən keçən 60 tələbədən ibarət 15 komanda yarışda iştirak edib. Gərgin və rəqabətli mübarizə nəticəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Enthuzone”, “Savai” və “ITeaguys” komandaları ilk üç yeri tutaraq qalib olublar.
Paralel olaraq keçirilən “Yaşıl Qarabağ” hakatonu isə ekoloji davamlılıq və innovativ yanaşmalar mövzusunda təşkil edilib. Bu istiqamət üzrə 67 tələbədən ibarət 15 komanda “Yaşıl Qarabağ” konsepsiyasına uyğun real problemlər üzərində çalışaraq ekoloji və innovativ layihələr hazırlayıb. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, “Explogreen”, “SustainX” və “EcoWatch” komandaları qalib elan olunub.
Hakaton müddətində iştirakçılar ideyalarını texnoloji həllərə çevirib, layihələrini peşəkar münsiflər heyətinə təqdim edərək həm komanda işi, həm də problem həll etmə bacarıqlarını nümayiş etdiriblər.
Hakatonun sonunda qalib komandalar mükafatlandırılıb:
I yer – 4000 AZN,
II yer – 2500 AZN,
III yer – 1000 AZN.


