AZ

Azərbaycanda su qıtlığına qarşı qabaqlayıcı tədbirlər: Dəniz suyunu da içmək mümkün olacaq

Dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Şirin su ehtiyatlarının çatışmazlığı qlobal problemə çevrilib.

Milli.Az xəbər verir ki, Hindistan və Pakistan arasındakı gərginliyin kökündə dayanan səbəblərdən biri su qıtlığıdır. 2025-ci ildə Hindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyə səbəb oldu.

Afrikada su münaqişələri iqtisadi inkişafa əngəl törədir. Nil çayı hövzəsində Efiopiya, Misir və Sudan arasındakı gərginliyin səbəbi də su qıtlığıdır. Şimali Afrikada və Orta Şərqdə bəndlərin inşası və çay axınlarının azalması quraqlıq və sel kimi fəlakətləri artırır, köç və münaqişələrə səbəb olur.

Dünya əhalisinin 2.2 milyard nəfərin təhlükəsiz içməli suya çıxışdan məhrumdur. 4 milyard insan ildə ən azı bir ay su həyəcanı yaşayır. 2050-ci ilə qədər daha 1 milyard insanın ekstremal su qıtlığı ilə üzləşəcəyi gözlənilir.

Həyat mənbəyi sayılan su artıq humanitar problem olmaqla yanaşı, milli təhlükəsizlik məsələsinə ən ciddi təhdidlərdən biridir. Buna görə də, sözügedən strateji məsələ dövlətin və Prezident İlham Əliyevin daim diqqətindədir. Azərbaycan su təhlükəsizliyini təmin etmək üçün sistemli layihələr həyata keçirir.

Prezident İlham Əliyev qeyd edir:

"Bizim su mənbələrinin hardasa dörddə bir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Azərbaycanın digər əsas su mənbələri olan Kür, Araz və Samur çayları isə xaricdə formalaşır ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır".

Bakı şəhəri və Abşeron yarımadasında məskunlaşmanın artması su təchizatının yaxşılaşdırılmasını zəruri edir. Bu məqsədlə "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı" qəbul edilib.

Proqrama əsasən 30-a yaxın yeni su anbarının tikilməsi nəzərdə tutulur. Sayğaclaşma 100% səviyyəsinə çatdırılmalıdır. Hazırda əhalinin 70%-i fasiləsiz su ilə təmin olunur, proqramın sonunda bu göstərici 95%-ə çatacaq. Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsinin su təchizatı yaxşılaşacaq.

Abşeronda dəniz suyunun duzsuzlaşdırılması zavodu inşa ediləcək və bu, paytaxt üçün 6-cı mənbə rolunu oynayacaq. Samur-Abşeron su kanalının infrastrukturunun inkişafı Ceyranbatan su anbarını dayanıqlı su ilə qidalandıracaq.

Dövlət proqramının icrası Azərbaycanda uzunmüddətli su təhlükəsizliyinin təminatına mühüm töhfə verəcəkdir.

Mina Mikayılova
Milli.Az

Seçilən
37
1
milli.az

10Mənbələr