Su təhlükəsizliyi dövlət siyasətinin strateji prioritetidirDünyanın gələcəyi üçün ən böyük problemlərdən biri kimi proqnozlaşdırılan su təhlükəsizliyi dövlət siyasətində prioritetdir
Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeron yarımadasında su təchizatı məsələlərinə həsr olunmuş müşavirə strateji əhəmiyyət daşıyan su təsərrüfatına ali səviyyədə göstərilən diqqətin bariz nümunəsi idi. Müşavirədən dərhal sonra “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə dövlət siyasətinin konseptual və sistemli yanaşmasını bir daha nümayiş etdirdi.
Azərbaycanın iqtisadi təhlükəsizliyi, sosial rifahı və ekoloji dayanıqlığı ilə birbaşa bağlı olan bu strateji məsələ Prezident İlham Əliyevin hakimiyyəti dövründə inkişaf baxımından bir neçə mühüm mərhələdən keçib. Əvvəlcə qeyd edilməlidir ki, Azərbaycan su ehtiyatları baxımından məhdud imkanlara malik ölkələr sırasındadır. Bu da məlumdur ki, ölkənin ümumi su ehtiyatlarının böyük hissəsi xarici ölkələrin ərazilərində formalaşır.
Su təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin misilsiz xidmətlərinə gəlincə, təkcə bir neçə faktı xatırlatmaq kifayətdir:
• Son 20 il ərzində ümumi potensialı 500 milyon kubmetrdən artıq olan 4 böyük su anbarı inşa edilib.
• İnşa olunan “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarları, eləcə də Oğuz–Qəbələ–Bakı və Samur–Abşeron su kəmərləri ölkənin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfə verib.
• İşğaldan azad olunmuş ərazilərdə “Suqovuşan”, “Sərsəng” su anbarları, həmçinin Füzulidə “Köndələnçay”, Ağdamda “Xaçınçay”, Laçında “Zabuxçay” su anbarları tamamilə yenidən qurulub. Eyni zamanda azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi nəzərdə tutulur.
• Bundan əlavə, Qəbələdə “Yengicə”, Oğuz və Şəki rayonlarında “Əlicançay” su anbarlarının tikintisi, “Şirvan” kanalının isə yenidən qurulması həyata keçirilir və bu istiqamətdə işlər davam etdirilir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərindən biri su ehtiyatlarının idarə edilməsində keyfiyyətcə yeni mərhələyə keçidi təmin etməkdir. Proqram çərçivəsində 28–30 yeni su anbarının tikintisi də nəzərdə tutulur ki, bu da ölkənin su balansının möhkəmləndirilməsi baxımından son dərəcə mühüm addımdır. Yeni su anbarları quraqlıq dövrlərində su çatışmazlığının qarşısını almağa, həm içməli su, həm də suvarma ehtiyaclarını paralel şəkildə təmin etməyə imkan verəcək.
Sözügedən Dövlət Proqramının uğurla icrası qarşıdakı 10 il ərzində su ehtiyatlarından səmərəli istifadəni təmin edəcək, sənaye və kənd təsərrüfatında xidmətlərin keyfiyyətini artıracaq, eyni zamanda əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatında ciddi irəliləyişlərə yol açacaq. Qeyd edək ki, hazırda əhalinin içməli su ilə təminat səviyyəsinin 82 faizə çatdırılması bu sahədə görülən işlərin real nəticəsidir. Yeni proqram bu göstəricinin daha da yüksəldilməsini və fasiləsiz su təminatının sistemli şəkildə genişləndirilməsini hədəfləyir.
Dövlətin su təhlükəsizliyinə sistemli və uzunmüddətli yanaşması iqlim dəyişiklikləri və qlobal su qıtlığı şəraitində su ehtiyatlarının qorunması və səmərəli idarə olunmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır”.
Sistemli yanaşmanın digər mühüm nümunəsi Dövlət Proqramında su itkilərinin azaldılmasının prioritet istiqamət kimi müəyyən edilməsidir. İnfrastrukturun yenilənməsi, köhnəlmiş şəbəkələrin mərhələli şəkildə dəyişdirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi suyun istehsaldan istehlaka qədər bütün mərhələlərdə daha səmərəli idarə olunmasına imkan yaradacaq.
Bununla yanaşı, Dövlət Proqramında Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ayrıca prioritet kimi müəyyən edilib. Yağış və tullantı sularının idarə olunmasının gücləndirilməsi dəniz ekosisteminin qorunmasına, şəhər mühitində sanitar-ekoloji şəraitin yaxşılaşmasına və turizm potensialının genişlənməsinə xidmət edəcək. Proqramın icrası nəticəsində Bakı və Abşeron yarımadasında kanalizasiya xidməti ilə əhatə olunan əhali 95 faizə çatdırılacaq.
Müşavirədə bu məsələyə xüsusi diqqət yetirən dövlət başçısının “Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır”, “Ona görə də yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq və bunun çox böyük faydası olacaq” kimi fikirləri problemin nə dərəcədə актуallıq kəsb etdiyini və onun effektiv şəkildə həll olunacağına tam əminlik yaratdığını göstərir.
Proqramın iki mərhələdə – 2026–2030 və 2031–2035-ci illərdə icrası nəzərdə tutulur. Bu mərhələlilik urbanizasiya proseslərinin yaratdığı təzyiqləri nəzərə almaqla su və kanalizasiya infrastrukturunun tam yenilənməsinə imkan verəcək. Nəticədə fasiləsiz su təminatı səviyyəsinin 95 faizə çatdırılması hədəflənir ki, bu da əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərəcək.
Bu yanaşma Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə tam uzlaşır və iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasına real töhfə verir.
Beləliklə, 12 yanvar 2026-cı il tarixli müşavirə və 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının təsdiqi bir daha göstərdi ki, Azərbaycan su təhlükəsizliyinə sistemli və uzunmüddətli yanaşma nümayiş etdirir. İnfrastruktur investisiyaları, idarəetmə islahatları, ekoloji tarazlığın qorunması və əhalinin rifahının yüksəldilməsi bu siyasətin əsas istiqamətləridir. Dövlət Proqramının qəbulu həm də Azərbaycanın su qıtlığı risklərinə qarşı vaxtında və ardıcıl cavab verdiyini, su təhlükəsizliyi sahəsində nümunəvi model formalaşdırmaq əzmində olduğunu təsdiqləyir.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı