“Bakı Metropoliteni” QSC-nin maliyyə departamentinin rəisi Kamal Hüseynlinin metroda tarif siyasəti ilə bağlı müsahibəsində səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Onun diferensial tarif modelləri ilə bağlı açıqlamaları sərnişinlər arasında gediş haqqının artacağı ehtimalı ilə bağlı narahatlıqları artırıb.
Doğru.az-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Sabah”ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC hazırda ictimai nəqliyyatda vahid tarif modelinin qüvvədə olduğunu bildirib.
Qurumdan qeyd olunub ki, uzunmüddətli perspektivdə tarif siyasətinin daha ədalətli, əlçatan və iqtisadi cəhətdən balanslı qurulması məqsədilə alternativ modellər üzərində analitik işlər aparılır. Bu çərçivədə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizmləri beynəlxalq təcrübə əsasında qiymətləndirilir, müxtəlif şəhərlərin metropoliten modelləri öyrənilir və yerli şəraitə uyğunluğu təhlil olunur.
Açıqlamada vurğulanıb ki, hazırda aparılan araşdırmalar qərar qəbuletmə mərhələsində deyil və yalnız gələcəkdə tarif siyasətinin formalaşdırılması üçün analitik əsas rolunu oynayır.
“Hazırda diferensial tarif modelləri üzrə analitik qiymətləndirmə və konseptual müzakirə mərhələsi davam edir. Bu işlərin nəticələri əsasında növbəti mərhələdə mümkün qərarların formalaşdırılması nəzərdə tutulur. İctimai nəqliyyatda tariflərin tənzimlənməsi isə Bakı Metropoliteninin səlahiyyətlərinə daxil deyil”, – deyə məlumatda bildirilib.
Beləliklə, rəsmi qurumların açıqlamasına əsasən, hazırda metroda gediş haqqının dəyişdirilməsi ilə bağlı konkret qərar yoxdur.
DOĞRU.AZ