“Bakı Metropoliteni” QSC-nin maliyyə departamentinin rəisi Kamal Hüseynlinin metroda tarif siyasəti ilə bağlı fikirləri ictimaiyyətdə müzakirələrə səbəb olub.
O deyib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər”.
Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri nədən ibarət olacaq? Bu qiymət artımına səbəb ola bilərmi?
Redaktor.az “Yeni Sabah”a isitnadla xəbər verir ki, “Bakı Metropoliteni”indən bildirilib ki, hazırda ictimai nəqliyyatda vahid tarif modeli qüvvədədir.
“Hazırda ictimai nəqliyyat üzrə vahid tarif modeli tətbiq olunur. Bununla yanaşı, uzunmüddətli perspektivdə tarif siyasətinin daha ədalətli, əlçatan və iqtisadi cəhətdən balanslı qurulması məqsədi ilə alternativ modellər üzərində analitik işlər aparılır. Bu çərçivədə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizmləri beynəlxalq təcrübə əsasında qiymətləndirilir, müxtəlif şəhər metropolitenlərinin tətbiq etdiyi modellər öyrənilir və yerli şərtlərə uyğunluğu təhlil olunur. Aparılan araşdırmalar hazırda qərar qəbuletmə mərhələsində deyil, lakin onların nəticələri gələcəkdə tarif siyasətinin təkamülü üçün analitik əsas formalaşdıracaq”.
Qeyd olunub ki, hazırda aparılan araşdırmalar hər hansı qərarın qəbuluna yönəlməyib və yalnız gələcəkdə tarif siyasətinin formalaşdırılması üçün əsas rol oynayır:
“Hazırda diferensial tarif modelləri üzrə analitik qiymətləndirmə və konseptual müzakirə mərhələsi davam edir. Bu işlərin nəticələri əsasında mümkün modellər üzrə növbəti mərhələdə qərarların formalaşdırılması nəzərdə tutulur.
İctimai nəqliyyatda tariflərin tənzimlənməsi prosesi Bakı metropoliteninin səlahiyyətlərinə daxil deyil”.