AZ

Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı yeni regional reallıq kontekstində MÜSAHİBƏ

Astana, 13 yanvar, AZƏRTAC

Regional təhlükəsizlik arxitekturasının transformasiyası, yeni iqtisadi və tranzit əlaqələrinin sürətli inkişafı fonunda Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq xüsusilə vacibdir. Qazaxıstanlı politoloq Zamir Karajanov AZƏRTAC-a müsahibəsində ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, Bakı və Astananın beynəlxalq səviyyədə mövqelərinin əlaqələndirilməsi, Trans-Xəzər marşrutunun perspektivləri və Türk Dövlətləri Təşkilatının təhlükəsizlik kontekstində rolu barədə danışıb.

- Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın hazırkı vəziyyətini və dərinliyini necə qiymətləndirirsiniz?

- Həm faktlar, həm də rəqəmlər bunu sübut edir. Dövlət başçıları istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda müntəzəm dialoq aparırlar. Yeri gəlmişkən, 2025-ci ildə mühüm bir mərhələ Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirak etməsi oldu. Digər simvolik fakt isə ötən il Azərbaycan-Ermənistan sərhədindən keçən ilk qatarın Qazaxıstanın taxıl yükünü daşımasıdır. 2021-ci ildən bəri ticarətdə sabit artım müşahidə edirik.

- Bakı və Astana əsas regional və beynəlxalq məsələlərdə mövqelərini nə dərəcədə effektiv şəkildə əlaqələndirir?

- Hər iki ölkə regional səviyyədə əməkdaşlığa maraq göstərir. Bu, yuxarıda qeyd edildiyi kimi, təkcə onların Mərkəzi Asiyadakı qarşılıqlı fəaliyyətlərində deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində özünü göstərir. Bundan əlavə, Qazaxıstan və Azərbaycan Orta Dəhlizin inkişafı, Trans-Xəzər fiber-optik kabeli və dəniz dibi boyunca yüksəkgərginlikli elektrik xəttinin çəkilməsi kimi irimiqyaslı uzunmüddətli layihələrin həyata keçirilməsində əsas oyunçulardır. Sonuncu layihə xüsusilə əhəmiyyətlidir, çünki bu, ölkələrimizə Avropa bazarına yaşıl enerji ixrac etməyə imkan verəcək və milli enerji sistemlərinin modernləşdirilməsini stimullaşdıracaq. Bu cür layihələrin həyata keçirilməsi region ölkələri arasında koordinasiya tələb edir.

- İki ölkə arasında əməkdaşlıq tranzit dəhlizlərinin, xüsusən də Trans-Xəzər marşrutunun inkişafında hansı rol oynayır?

- Onlar əsas rola malikdir. Qazaxıstan və Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzi halqalarıdır və bütün dəhlizin tutumu onların əməkdaşlığının səmərəliliyindən asılıdır. 2024-cü ildə bu marşrut üzrə yükdaşımaları 4,5 milyon tona çatıb ki, bu da 2023-cü illə müqayisədə 62% çoxdur. Hazırkı məqsəd bu rəqəmi 2027-2028-ci illərə qədər 10 milyon tona çatdırmaqdır. Buna nail olmaq üçün hər iki ölkə infrastrukturun modernləşdirilməsini sinxronlaşdırır: Aktau, Kurık və Bakı (Ələt) limanlarının tutumunu genişləndirir, bərə xidmətlərini inkişaf etdirir və rəqəmsal logistika platformalarını tətbiq edir. Bu iş sayəsində Trans-Xəzər marşrutu üzrə yükdaşımaları artmaqla yanaşı, qatarların mənzilə çatma müddəti də 11-15 günə endirilir ki, bu da marşrutu qlobal miqyasda rəqabətədavamlı edir. Lakin tranzit yükdaşımalarının həcmi baxımından o, hələ də Çin və Avropanı birləşdirən digər marşrutlardan geri qalır.

- Azərbaycan ilə Qazaxıstan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın səviyyəsini və perspektivlərini, o cümlədən təlimlər və təcrübə mübadiləsini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin bu il birgə hərbi təlimlər keçirmək təklifini necə qiymətləndirirsiniz?

- Bu, terrorizm, separatizm və sərhədyanı cinayətkarlıq kimi ümumi təhlükəsizlik problemlərinin neytrallaşdırılmasına yönəlmiş dinamik inkişaf edən bir əməkdaşlıqdır. Belə bir əməkdaşlıq istiqaməti bir tərəfdən kollektiv məsuliyyəti gücləndirir, digər tərəfdən isə regiondakı iki ordunun döyüş hazırlığını potensial olaraq artırır. 2025-ci ilin oktyabr ayında Qazaxıstan və Azərbaycanın Müdafiə nazirlikləri daha sıx hərbi koordinasiyanı nəzərdə tutan 2026-cı il üçün Əməkdaşlıq Planı imzaladılar.

Azərbaycan Prezidentinin təşəbbüsü tarixi bir presedent yaradır, çünki qarşıdan gələn manevrlər TDT-nin bütün üzv ölkələrinin ilk birgə hərbi təlimləri olacaq. Bu addım müdafiə sektorunda yaxınlaşmanın məntiqi nəticəsidir və dövlətlərin qlobal qeyri-sabitlik qarşısında konsolidasiya arzusunu əks etdirir. Bundan əlavə, TDT ölkələrinin hərbi manevrləri suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin getdikcə aşındığı müasir dünyada beynəlxalq hüququn devalvasiyasına cavabdır.

- Azərbaycan ilə Qazaxıstan arasında TDT çərçivəsində əməkdaşlıq türk dövlətləri üçün kollektiv təhlükəsizlik elementlərinin inkişafına töhfə verə bilərmi?

- Prinsipcə, TDT çərçivəsində imzalanan sənədlərdə artıq birgə mübarizədən tutmuş terrorizmə, separatizmə, ekstremizmə, kəşfiyyat paylaşımına və hərbi texnikanın standartlaşdırılmasına qədər kollektiv təhlükəsizlik elementləri mövcuddur. Bununla belə, hazırda onlar ənənəvi hərbi ittifaqlar və bloklardakı öhdəliklərə bənzər qarşılıqlı müdafiə bəndini əhatə etmir.

- Sizin fikrinizcə, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığı qarşıdakı illərdə keyfiyyətcə yeni səviyyəyə qaldıra biləcək hansı praktik addımlar var?

- Əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıran konkret praktik addımlar deyil, burada sehrli dirijor çubuğu yoxdur. Ölkələri həmin səviyyəyə aparan ilkin çərçivəsini və sərhədlərini, məqsədlərini və vəzifələrini aşan qarşılıqlı əlaqənin təbiəti və ölkələr arasında əməkdaşlığın inkişafıdır.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
175
50
azertag.az

10Mənbələr