AZ

Azərbaycanın 3-cü “RoPax” gəmisi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yerləşdirdiyi sifariş əsasında Bakı Gəmiqayırma Zavodunda inşa edilən 3-cü “RoPax” tipli gəmi-bərə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir.

ASCO-dan verilən məlumata görə, layihə çərçivəsində gəminin əsas gövdəsi üzrə blokların yığılması işləri tamamlanıb. Hazırda boru xətləri quraşdırılır, elektrik sistemləri üzrə kabellər çəkilir. Eyni zamanda, havalandırma sistemlərinin montajı, mexaniki avadanlıqların quraşdırılması, yaşayış sahələrində izolyasiya, kabinlərin ayrılması kimi proseslər icra olunur.

Layihədə əvvəlki analoji “RoPax” gəmiləri ilə müqayisədə bir sıra yeniliklər nəzərdə tutulub. Bunlara təsərrüfat təyinatlı 3 tonluq bir ədəd kranın quraşdırılması, sıxılmış hava sistemi üçün əlavə saxlanc çənlərinin yerləşdirilməsi, soyuducu konteynerlər üçün elektrik qidalanma sisteminin yaradılması daxildir. Bundan əlavə, yeni gəmidə alt yük bölməsi üzrə təhlükəli qaz aşkarlama sistemi və köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə bir ədəd yanğınsöndürmə tuşlayıcısı quraşdırılacaq. Eyni zamanda, bərədə dəmir yolu xətlərinin avtomatik keçirilmə sisteminin tətbiqi, yük platforması üzərində tormozlama sisteminin qurulması da nəzərdə tutulub. Baş mühərrik otağında isə əlavə soyutma sistemi, 2 servis qapağı və eyni sayda xidməti kran quraşdırılacaq.

Bununla yanaşı, layihədə bəzi texniki həllər əvvəlki gəmilərlə müqayisədə optimallaşdırılıb. Belə ki, sərnişin liftinin quraşdırılmasından imtina edilib. Arxa köməkçi sükan qurğusu isə ləğv olunaraq, əvəzində ön köməkçi sükan qurğusunun gücü 350 kVt-dan 545 kVt-a çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl istismara verilən eynitipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri kimi, yeni gəmi-bərənin də maksimal sürəti 14 uzel, uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.

Yeni gəmi ASCO-nun donanmasının müasirləşdirilməsi və ölkəmizin tranzit potensialının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər gəmilər kimi, bu "RoPax" tipli gəminin də Xəzər dənizi üzərindən həyata keçirilən yük və sərnişin daşımalarında, o cümlədən Orta Dəhliz üzrə nəqliyyat əməliyyatlarında istismarı planlaşdırılır.

XQ

Seçilən
19
6
xalqqazeti.az

8Mənbələr