Tehranda sakinlərə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib. Metbuat.az xəbər verir ki, bu barədə Tehran prokuroru Əli Salehi çağırış edib. İran dövlət televiziyasının məlumatına görə, Salehi, xüsusilə paytaxtın təhlükəli olduğuna diqqət çəkərək, düşmən muzdlularının nümayişlərdə iştirak edənləri öldürdüyünü irəli sürüb. O, aksiyalarda şiddət nümayiş etdirənlərə eyni münasibət sərgilənəcəyini ifadə edib. Salehi, “Silahlı ünsürlərə qarşı heç bir tolerantlıq göstərməyəcəyik. Onlar döyüş cinayətlərinə görə məsuliyyətə cəlb olunacaqlar. Vətəndaşlarımızın təhlükəsizliyi qırmızı xəttimizdir”, - deyə bildirib. Məlumata görə, Tehrandakı bütün məktəblər distant təhsilə keçmək qərarına gəlib. Qeyd edək ki, iki həftə əvvəl Tehranın Böyük bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayan etirazlar ölkənin bir çox şəhərini əhatə edib. Aksiyalarda ölənlərin və yaralananların olduğu bildirilir.