AZ

Rövşən Tağıyev: Hər bir yol nişanı hərəkətin təhlükəsizliyinə xidmət edir  

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, həmin nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir. Həmin yol nişanı hərəkətin fasiləsizliyinin təmin olunması, süni tıxacların qarşısının alınması və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə tətbiq edilir. Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, 5.53 yol nişanı sürücüyə üstünlük hüququ vermir. Onun mövcudluğu sağa dönən sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır.

AZƏRTAC xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev 5.53 məlumatverici yol nişanı ilə bağlı deyib.

Onun verdiyi məlumata görə, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, həmin nişan tətbiq edilmiş yolayrıcında sağa dönən sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş piyadalara mütləq şəkildə yol verməlidir. Həmin tələblərə riayət olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi hərəkətin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

“Nəzərə almaq lazımdır ki, hər bir yol nişanı yollarda nizamlı hərəkətin təmini və təhlükəsizlik məqsədi ilə tətbiq olunur. Yol nişanlarının düzgün anlaşılması və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin, nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas şərtlərindən biridir”,- deyə şöbə rəisi bildirib.

Seçilən
25
8
azerbaijan-news.az

10Mənbələr