Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 9-da Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola düşən ilk köç karvanı ünvana çatıb.
Hafta.az xəbər verir ki, ilk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün Qarabağda başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.