Ağdərənin 4 kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb - YENİLƏNİB
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 9-da Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola düşən ilk köç karvanı ünvana çatıb. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün Qarabağda başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir. 12:53 Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Ağdərə rayonunun təmir-bərpa işlərinin aparıldığı Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri də daimi sakinlərini qəbul etməyə hazırdır. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 9-da Tərtərdən Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonun 4 yaşayış məntəqəsinə 89 ailə (337 nəfər), o cümlədən Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür. Ağdərə sakinləri uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.