AZ

Təhlükəli mərhələ başladı İran viran ola bilər!

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda sosial səbəblərlə başlayan xalq etirazları artıq kəskin mərhələyə daxil olub. Bu proses adi sosial narazılıq çərçivəsindən çıxaraq inqilabi xarakter almağa doğru irəliləyir. Çünki ilkin mərhələdə sadə sosial və iqtisadi tələblərlə başlayan etirazlar zamanla siyasi tələblərə çevrilib və bu da hərəkatın mahiyyətini köklü şəkildə dəyişib.  Maraqlıdır, hazırda baş verənlər fonunda, uçuruma doğru gedən İran viran ola bilərmi?

Hadisələri Moderator.az-a şərh edən professor Qulu Məhərrəmli hesab edir ki, əgər Əli Xameneinin rəhbərlik etdiyi molla rejimi xalqın səsini, bu səsi siyasi dildə ifadə edən prezident Məsud Pezeşkianın çağırışını eşidib dəyərləndirməzsə, bəli, İran viran ola bilər.

Q.Məhərrəmlinin fikrincə, hazrda qonşu ölkədə etibarlı lider olmadığında görə  etiraz aksiyalarında xarici qüvvələrin müdaxiləsi çoxdur:

“İranda artıq söhbət sadə etirazdan deyil, açıq siyasi tələblər üzərində qurulan geniş xalq hərəkatından gedir. Mövcud vəziyyət İran rejimi ilə xalq arasında dərin və təhlükəli uçurumun yarandığını göstərir. Hazırkı mərhələdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ciddi risk və qeyri-müəyyənlik mövcuddur. Çünki bu gün etirazları daxildən idarə edə, onları müəyyən məcraya yönəldə biləcək güclü və etibarlı siyasi liderlik və ya təşkilatlanmış qüvvə görünmür. Bununla yanaşı, prosesləri kənardan izləyən, yönləndirməyə və müxtəlif ssenarilər üzərindən təsir göstərməyə çalışan xarici aktorların mövcudluğu da açıq-aydındır. Beynəlxalq mediada yayılan məlumatlara görə, hazırda İranda baş verən proseslərin müəyyən hissəsi İsrail və Amerika Birləşmiş Ştatlarının koordinasiyası fonunda İran rejiminə qarşı təzyiq mexanizmi kimi qiymətləndirilir. Bu barədə müxtəlif qəzet və analitik mərkəzlərdə çoxsaylı yazılar dərc olunur”.

Müsahibimiz düşünür ki, hadisələr hazırda keçid mərhələsindədir. Əgər İran hakimiyyəti vəziyyəti düzgün qiymətləndirməz, xalqla dialoq yolunu seçməz, daimi “xarici düşmən” ritorikasına üstünlük verər və ya təhlükəsizlik qüvvələrinin silahdan istifadəsi ilə bağlı sərt qərarlar qəbul edərsə, proseslərin son dərəcə ağır və faciəvi istiqamətə yönəlməsi ehtimalı yüksəkdir:

“Diqqət çəkən digər mühüm məqam isə İran hakimiyyəti daxilində – prezident, hökumət və ali dini rəhbərlik arasında proseslərə yanaşmada ciddi fikir ayrılıqlarının üzə çıxmasıdır. Prezident Məsud Pezeşkian daha çox dialoq və razılaşma tərəfdarı kimi çıxış etdiyi halda, ali dini rəhbərliyə yaxın dairələr sərt mövqedən çıxış edərək güc tətbiqini ön plana çəkirlər. Bütün bunlar göstərir ki, İranda baş verən hadisələr qısa müddətdə başa çatmayacaq və yaxın dövrdə də gərgin fazada davam edəcək. Proseslərin hansı nöqtədə dayanacağı isə hakimiyyətin verəcəyi qərarlardan və xalqla quracağı münasibətlərdən asılı olacaq. İran hələlik bu böhranın aydın və sabit mərhələsinə daxil olmayıb”.

Rumiyyə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
50
moderator.az

10Mənbələr