AZ

Nəzarətdən çıxan proseslər: İranı hansı ssenari gözləyir?

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda son günlərdə başlayan və getdikcə şiddətlənən etiraz aksiyaları artıq klassik sosial narazılıq çərçivəsindən çıxaraq çoxölçülü siyasi və idarəetmə böhranına çevrilməkdədir. Hakimiyyətin bütün təhlükəsizlik və inzibati resurslarını səfərbər etməsinə baxmayaraq, etirazların nəzarət altına alınmaması onu göstərir ki, mövcud böhranın kökü daha dərin və sistem xarakterlidir.

Əsas səbəb ölkəni bürüyən ağır sosial-iqtisadi kollapsdır. İnflyasiyanın sürətlə dərinləşərək faktiki olaraq hiperinflyasiya mərhələsinə çatması, milli valyutanın dəyərsizləşməsi, əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması və işsizliyin artması cəmiyyətdə yığılan narazılığı partlayış nöqtəsinə gətirib çıxarıb. Artıq proseslər təkcə sosial müstəvidə deyil, siyasi və idarəetmə böhranı mərhələsindədir. Nəticədə dövlət institutlarının funksionallığı ciddi şəkildə zəifləyib, bəzi sahələrdə isə faktiki iflic vəziyyəti yaranıb.

Proseslərin bu qədər sürətlə dərinləşməsində xarici faktorların, xüsusilə ABŞ-ın mövqeyi mühüm rol oynayır. Vaşinqtonun İranda baş verən aksiyalara açıq və ya dolayı dəstək verməsi, rejim dəyişikliyi ssenarilərinə maraq göstərməsi artıq gizli deyil. Bu yanaşma Tramp administrasiyasının xarici siyasət doktrinası ilə tam uyğunluq təşkil edir.

Qərb ölkələri uzun müddətdir alternativ və bərpaolunan enerjini prioritet elan etsə də, Trampın rəhbərlik etdiyi Ağ Ev üçün əsas hədəf ənənəvi enerji resurslarıdır. Məhz buna görə də Tramp hakimiyyətə gəldiyi ilk günlərdən etibarən neft və qazla zəngin bölgələr üzərində nəzarəti gücləndirmək xəttini yürüdür. Arktika, Qrenlandiya, Kanada, Venesuela və İran bu strategiyanın bariz nümunələridir.

İran neft ehtiyatlarına görə dünyada üçüncü yerdə qərarlaşır, təbii qaz ehtiyatlarına görə isə qlobal liderlər sırasındadır. Bu amil Tehranın ABŞ üçün təkcə siyasi deyil, həm də strateji enerji hədəfinə çevrilməsini şərtləndirir. Trampın Venesueladan sonra əsas diqqət mərkəzinə Qrenlandiya və İranın düşməsi də təsadüfi deyil. Hər iki bölgədə baş verən son hadisələr bunu aydın şəkildə göstərir.

Bundan əlavə, ABŞ-ın digər mühüm hədəfi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat-logistika dəhlizləri üzərində nəzarəti təmin etməkdir. İran isə bu planların reallaşmasında ciddi maneə rolunu oynayır və Vaşinqtonun strateji hesablamalarında “problemli düyün” kimi çıxış edir.

Rejim dəyişikliyi ssenarilərinin riskləri

Hazırkı mərhələdə İranda rejim dəyişikliyi ssenariləri son dərəcə risklidir. 

Birincisi, belə bir dəyişiklik baş verərsə, Qərbin real dəstək verə biləcəyi və ölkə daxilində prosesləri nəzarətdə saxlaya biləcək güclü siyasi qüvvə mövcud deyil. Bu isə ölkənin xaosa sürüklənməsi ehtimalını xeyli artırır.

ABŞ və İsrailin şah rejiminin varisi kimi təqdim edilən Rza Pəhləvini ön plana çıxarmaq cəhdləri ilk baxışda mümkün ssenari kimi görünsə də, reallıqda bu variant inandırıcı deyil. Rza Pəhləvi İranda, xüsusən də Azərbaycan türkləri arasında geniş qəbul edilən fiqur deyil. Bu səbəbdən onun hakimiyyətə gətirilməsi daxili legitimlik problemi yaradacaq.

Mövcud mərhələdə Rza Pəhləvinin dəstəklənməsi daha çox xaricdə yaşayan mühacir iranlıları səfərbər etmək və informasiya-psixoloji təsir mexanizmi yaratmaq məqsədi daşıyır. Lakin Venesuela təcrübəsi göstərir ki, real daxili dayaqları olmayan fiqurlar üzərindən rejim dəyişikliyi planları uğursuzluğa məhkumdur. Yəni hazırkı mərhələdə mövcud rejimi əvəz edə biləcək ciddi siyasi alternativ yoxdur.

İslahatçı ssenari: ən real və rasional yol

İkinci və daha optimal variant İranda mövcud siyasi elita daxilində islahatçı qanada dəstək verərək rejimi ABŞ və İsrailin şərtləri çərçivəsində danışıqlara cəlb etməkdir. Bu baxımdan hazırkı prezident Məsud Pezeşkian və onu dəstəkləyən islahatçılar ən məqbul variant kimi görünür.

Pezeşkian istər seçkiöncəsi dövrdə, istərsə də prezident seçildikdən sonra dəfələrlə mövcud sərt siyasi xəttdən imtina olunmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Onun əsas hədəfi İranı beynəlxalq təcriddən çıxarmaq, Qərblə münasibətləri normallaşdırmaq və ölkəni iqtisadi böhrandan xilas etməkdir.

Təsadüfi deyil ki, İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Pezeşkianı dəstəkləməsinin əsas səbəblərindən biri də məhz Qərbin təzyiqlərini azaltmaq və sistemi daxildən transformasiya etmək niyyəti ilə bağlıdır. Pezeşkian seçildiyi dövrdə onu SSRİ-nin Qorbaçovu ilə müqayisə edərək “İranın Qorbaçovu ola bilərmi?” sualını gündəmə gətirməyimiz də bu kontekstdə təsadüfi deyildi.

Sərt xəttin davamı: parçalanma riski

Üçüncü ssenari isə Tehranın sərt siyasi ritorikadan və konfrontasiya xəttindən imtina etməməsi halında baş verə biləcək ağır nəticələrlə bağlıdır. Bu yol ölkəni daha ciddi fəlakətlərə, o cümlədən vətəndaş müharibəsi və hətta parçalanma riskinə qədər apara bilər. Belə bir inkişaf təkcə İran üçün deyil, bütövlükdə Yaxın Şərq və Avrasiya bölgəsi üçün ciddi təhlükələr yaradacaq.

Mövcud gedişat göstərir ki, İran üzləşdiyi böhrandan yalnız ABŞ-ın müəyyən şərtləri daxilində çıxış yolu tapa bilər. Əks halda ölkəni uzunmüddətli qeyri-sabitlik, iqtisadi tənəzzül və daxili qarşıdurmalar gözləyir. Bu məsələ təkcə İranın Çin və Rusiya ilə eyni cəbhədə yer alması və ya nüvə proqramı ilə bağlı deyil. Əsas amillərdən biri də ölkənin zəngin enerji və qiymətli yeraltı təbii ehtiyatlara malik olmasıdır.

İran hadisələri bir daha sübut edir ki, Yaxın Şərqdə daxili sosial proseslər artıq yalnız milli çərçivədə formalaşmır. Bu proseslər qlobal güclərin strateji hesablamaları ilə sıx şəkildə iç-içə keçib. ABŞ-ın regiona yenidən qayıdaraq Yaxın Şərq və Avrasiya məkanında mütləq hegemonluq əldə etmək istəyi isə qarşıdakı dövrdə rəqabətin daha da sərtləşəcəyini göstərir.

Aksiyaların şiddətlənməsinə baxmayaraq, hazırkı mərhələdə İranda etirazların qısa müddətdə rejim dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, sosial-iqtisadi böhranın dərinləşməsi, beynəlxalq təzyiqlər və regional qarşıdurmaların kəsişməsi ölkəni uzunmüddətli qeyri-sabitlik riskləri ilə üz-üzə qoyur. Bu isə İranın və bütövlükdə regionun gələcək taleyini daha mürəkkəb və proqnozlaşdırılması çətin edir.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
50
olke.az

10Mənbələr