AZ

Ramiz Alıyev: İnsan alveri ilə mübarizə Azərbaycanda real nəticələrə əsaslanan dövlət siyasətidir

Bakı, 9 yanvar, AZƏRTAC

İnsan alveri qurbanlarına göstərilən sosial xidmətlərin əhəmiyyətli hissəsi dövlət-QHT əməkdaşlığı çərçivəsində həyata keçirilir. Daxili İşlər Naziri, Milli Koordinator və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi artıq 20 ildən çoxdur ki, bu sahədə qeyri-hökumət təşkilatları ilə sıx və sistemli əməkdaşlıq qurub və bu əməkdaşlıq hazırda da uğurla davam etdirilir. Əminliklə demək olar ki, formalaşmış bu model bir sıra inkişaf etmiş ölkələrin müvafiq qurumları üçün də nümunə ola biləcək səviyyədədir. Eyni zamanda, digər dövlət qurumları da qeyri-hökumət təşkilatları, xüsusilə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, onların təşəbbüslərini dəstəkləyir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və bir sıra dövlət qurumları hər il onlarla maarifləndirmə layihəsini maliyyələşdirir ki, bu da sahənin institusional inkişafına mühüm töhfə verir. Hazırda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası fəaliyyət göstərir. Koalisiyanın tərkibində 45 ixtisaslaşmış qeyri-hökumət təşkilatı birləşir. Koalisiya ilə Milli Koordinator arasında əməkdaşlıq memorandumu imzalanıb və bu sənəd çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, monitorinqlərin aparılması və insan alveri qurbanlarının müəyyən edilməsi istiqamətində birgə fəaliyyət uğurla davam etdirilir.

Bu fikirləri AZƏRATC-a müsahibəsində İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda indiyədək insan alverinə qarşı mübarizə üzrə 2004-2008-ci illərdə hüquqi və institusional bazanın formalaşdırılması, 2009-2013-cü illərdə qurbanların müdafiəsi və reabilitasiya sisteminin gücləndirilməsi, 2014–2018-ci illərdə profilaktika və monitorinq mexanizmlərinin inkişafı, 2020–2024-cü illərdə kibermühitdə insan alverinə qarşı mübarizə və beynəlxalq standartlara uyğunlaşma olmaqla ümumilikdə 4 Milli Fəaliyyət Planı qəbul olunub: “Hazırda 5-ci Milli Fəaliyyət Planı üzərində iş aparılır və 34 aidiyyəti dövlət qurumu tərəfindən Nazirlər Kabnetinə təkliflər təqdim olunub. Gözlənilir ki, yeni sənəd daha müfəssəl və strateji yol xəritəsi olacaq.

Dövlət tərəfindən maliyyələşdirilən ixtisaslaşmış sığınacaq fəaliyyət göstərir və hər il onlarla qurban burada təhlükəsiz şəkildə yerləşdirilir. Eyni zamanda, QHT-lər öz daxili imkanları və dövlət dəstəyi ilə yaratdıqları sığınacaqları da fəaliyyətə cəlb ediblər. Lakin regionlarda bu tip mərkəzlərin sayı hələ də məhduddur. İnkişaf etmiş ölkələrin təcrübəsində beynəlxalq təşkilatlar yerli QHT-ləri maliyyələşdirərək regionlarda sığınacaqların yaradılmasına dəstək göstərirlər. Təəssüf ki, bəzi beynəlxalq qurumlar Azərbaycanda bu praktikanı tətbiq etmək əvəzinə, reallığı əks etdirməyən hesabatlara üstünlük verirlər ki, bu da mübarizənin effektivliyinə mənfi təsir göstərir”.

QHT sədri qeyd edib ki, mövcud araşdırmalar və son rəsmi məlumatlar göstərir ki, Azərbaycan vətəndaşları insan alveri məqsədilə əsasən region ölkələrinə və Yaxın Şərq istiqamətinə yönləndirilirlər: “Qadınlar daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Qətər və bəzi digər ölkələrdə cinsi istismara məruz qalırlar. Kişilər isə əsasən Rusiya Federasiyası, İran, İraq və digər ölkələrdə məcburi əməyə cəlb olunurlar. Bu bölgü insan alveri şəbəkələrinin fəaliyyət mexanizmləri və həmin ölkələrdə mövcud əmək bazarındakı tələbatla birbaşa bağlıdır. Belə ki, qadınlar xidmət və əyləncə sektorları adı altında aldadılaraq cinsi istismara cəlb olunur, kişilər isə tikinti, kənd təsərrüfatı və digər ağır əmək sahələrində qeyri-qanuni şəkildə işlədilirlər.

“Aparılan mübarizə onu göstərir ki, insan alverinə qarşı mübarizə Azərbaycanda formal kampaniya deyil, ardıcıl və real nəticələrə əsaslanan dövlət siyasətidir. Bu sahədə güclü siyasi iradə mövcuddur, hüquqi mexanizmlər işlək vəziyyətdədir, hüquq-mühafizə orqanları isə peşəkar şəkildə fəaliyyət göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar qərəzli yanaşmalardan uzaq duraraq regionlarda sığınacaqların yaradılması, yerli qeyri-hökumət təşkilatlarının institusional gücləndirilməsi istiqamətində real və məqsədyönlü dəstək göstərsələr, insan alverinə qarşı mübarizənin effektivliyi daha da artmış olar”, - deyə R.Alıyev fikrini yekunlaşdırıb.

Seçilən
71
6
azertag.az

7Mənbələr