AZ

Azərbaycanda insan alveri qurbanlarının müəyyən edilməsi sahəsində vahid mexanizm formalaşdırılıb

Bakı, 9 yanvar, AZƏRTAC

BMT-nin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına görə, dünyada 40 milyondan çox insan müasir köləliyin müxtəlif formalarına məruz qalır və onların təxminən 71 faizi qadınlardır. Bu göstəricilər 2018-ci ildən etibarən beynəlxalq hesabatlarda dəfələrlə təsdiqlənib. İnsan alveri transmilli mütəşəkkil cinayətkarlıqdan əldə edilən gəlirlərə görə narkotik və silah alverindən sonra üçüncü yerdə dayanır ki, bu da problemin qlobal təhlükə səviyyəsini açıq şəkildə göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib. Onun sözlərinə görə, beynəlxalq təcrübədə insan alveri qurbanlarının müəyyən edilməsi üçün xüsusi indikatorlar sistemi tətbiq olunur: “Bu indikatorlara şəxsin istismara məruz qalması, hərəkət azadlığının məhdudlaşdırılması, sənədlərinin alınması, psixoloji və fiziki təzyiqə məruz qalması, eləcə də əmək və ya cinsi istismar əlamətləri daxildir. Mövcud statistik məlumatlara əsasən, dünyada aşkar edilən insan alveri qurbanlarının təxminən 65-70 faizini qadınlar və azyaşlılar təşkil edir ki, bu da problemin sosial həssas qrupları daha çox əhatə etdiyini göstərir. Azərbaycanda isə insan alveri qurbanlarının müəyyən edilməsi sahəsində vahid, institusional və səmərəli mexanizm formalaşdırılıb. Bu mexanizm Daxili İşlər Nazirliyi (DİN) və aidiyyəti dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığı əsasında fəaliyyət göstərir. Daxili İşlər Nazirliyinin rəsmi hesabatlarına əsasən, son illər ərzində yüzlərlə potensial insan alveri qurbanı vaxtında müəyyən edilərək onların istismara cəlb olunmasının qarşısı alınıb. Qurban kimi tanınan şəxslərin hamısı dövlət tərəfindən qoruma tədbirləri ilə əhatə olunur. Onlar müvafiq sığınacaqlara yerləşdirilir, tibbi və psixoloji yardım alır, hüquqi dəstək və reabilitasiya proqramları ilə təmin edilirlər. Bu yanaşma insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasını və onların sosial müdafiəsini təmin edən mühüm mexanizm kimi çıxış edir”.

QHT sədri bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə əsasən insan alveri xüsusilə ağır cinayət hesab olunur: “Rəsmi statistikaya görə, son illərdə bu cinayətlə bağlı onlarla cinayət işi məhkəmələrə göndərilib və təqsirli şəxslər real həbs cəzalarına məhkum ediliblər. Xüsusilə vurğulamaq lazımdır ki, aşkar edilən cinayətlərin böyük hissəsi mütəşəkkil dəstələrlə bağlıdır, azyaşlılara qarşı törədilən hallarda cəzalar maksimum həddə tətbiq olunur, insan alverindən əldə edilən əmlak və maliyyə vəsaitləri müsadirə edilir. Bu faktlar dövlətin bu sahədə heç bir güzəştə getmədiyini aydın şəkildə göstərir.

Qlobal miqyasda insan alveri cinayətlərinin 30-35 faizi internet və sosial şəbəkələr üzərindən törədilir. Bu risklər 2020-2024-cü illər üzrə Milli Fəaliyyət Planında ayrıca istiqamət kimi nəzərdə tutulub. Eyni zamanda, 2023-cü ildə DİN-də Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin yaradılması bu sahədə institusional imkanları xeyli gücləndirib. Aparılan monitorinqlər nəticəsində onlarla riskli səhifə və elan ifşa edilib, cinayətkar qruplar zərərsizləşdirilib, beynəlxalq tərəfdaşlarla birgə əməliyyatlar həyata keçirilib. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında mövcud koordinasiya real nəticələr verir. DİN-in mətbuat xidmətinin sosial şəbəkələr üzərindən apardığı maarifləndirmə işi cəmiyyətin məlumatlılığının artırılmasına mühüm töhfə verir.

Ümumilikdə Daxili İşlər Nazirliyi ilə digər hüquq-mühafizə orqanları və QHT-lər arasında qurulmuş sağlam və koordinasiyalı əməkdaşlıq nəticəsində dövlətin insan alverinə qarşı mübarizə siyasəti ardıcıl şəkildə həyata keçirilir”.

 

Seçilən
29
6
azertag.az

7Mənbələr