AZ

Müəllimlər dil mədəniyyətinin qorunmasında mərkəzi rol oynayır – QHT sədri

"Dövlət başçısının Azərbaycan dilinin qorunması ilə bağlı çağırışları vətəndaş cəmiyyətinə, xüsusilə qeyri-hökumət təşkilatlarına da mühüm məsuliyyətlər yükləyir. QHT-lər bu sahədə yalnız müşahidəçi deyil, fəal iştirakçı olmalıdırlar. Maarifləndirmə layihələrinin təşkili, dil mədəniyyətinin təbliği, gənclər və müəllimlər üçün təlimlərin keçirilməsi, ədəbi dilin düzgün istifadəsini təşviq edən sosial kampaniyaların həyata keçirilməsi bu məsuliyyətin əsas istiqamətlərindəndir. Eyni zamanda, media və sosial şəbəkələrlə əməkdaşlıq edərək düzgün dil nümunələrinin yayılması, ictimai müzakirələrin təşkili və elmi-pedaqoji ictimaiyyətlə əlaqələrin gücləndirilməsi də QHT-lərin üzərinə düşən vəzifələrdəndir".

B fikiri AGMA-nın sədri Pərvinə Qədimova QHT.az-a bildirib. O hesab edir ki, müəllimlər bu prosesin mərkəzində dayanır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası olaraq onlar Azərbaycan dilinin tədrisində keyfiyyətin yüksəldilməsi, müəllimlərin dil mədəniyyəti üzrə peşəkar inkişafının dəstəklənməsi, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması istiqamətində ardıcıl layihələr həyata keçirməlidir. Çünki dili qorumağın ən təsirli yolu onu düzgün öyrətmək və sevdirə bilməkdir:

"Artıq 4-cü ildir ki, AGMA xaricdə yaşayan soydaşlarımız üçün "Ana dili - Azərbaycan Məktəbi" layihəsini təqdim edir. Bu layihə ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edir. Layihədə iştirak edən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Dərslər dil mütəxəssisləri tərəfindən həftədə 2 dəfə olmaqla tədris olunur. Proqram tam yekunlaşdıqdan sonra isə şagirdlər imtahan verir və sertifikat əldə edirlər. Qeyd etmək istərdim ki, 2025-2026-cı tədris ilinin II yarım ili üçün artıq layihənin qeydiyyatı başlamışdır. Soydaşlarımıza layihəyə qoşulmağa dəvət edirik".

QHT sədri  həmçinin bildirib ki, Prezident İlham Əliyevin bu mövzuda səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan dilinin taleyi yalnız dövlətin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Hər bir vətəndaş, hər bir müəllim, hər bir QHT bu çağırışa öz fəaliyyəti ilə cavab verməlidir. Ana dilimizi qorumaq – milli varlığımızı qorumaq deməkdir.

Seçilən
125
31
qht.az

10Mənbələr