AZ

“Venesuela üzərindən aparılan bu geosiyasi mübadilə ehtimalı daha güclü və inandırıcı görünür” - ŞƏRH

“Rusiyanın Venesuela məsələsində ikili oynaması ehtimalı kifayət qədər real görünür. Gözlənilir ki, Moskva Ukrayna məsələsində müəyyən razılaşmalara getsin. Hətta ehtimal etmək olar ki, Alyaskada baş tutduğu deyilən görüş zamanı bu mövzular artıq əsas xətləri ilə razılaşdırılıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, həmin görüşdən sonra Donald Trampın verdiyi bəzi açıqlamalar xüsusilə diqqət çəkici idi və bu açıqlamalar müəyyən geosiyasi razılaşmaların pərdəarxası mesajları kimi qiymətləndirilə bilər:

“Belə ki, Tramp bir neçə gün sonra qəfil şəkildə Venesuela məsələsinə toxundu, Nikolas Maduronu narkotrafikdə ittiham etdi, onu açıq şəkildə “narkobaron” adlandırdı və bu ölkəyə qarşı ritorikanı kəskinləşdirdi. Bu davranış təsadüfi görünmür. Əksinə, bu, ABŞ-ın Venesuela məsələsində Rusiyanın neytral və ya geri çəkilən mövqeyini təmin etdiyini göstərən dolayı siqnal kimi dəyərləndirilə bilər.

Böyük ehtimalla, Ukrayna məsələsində ABŞ-ın müəyyən güzəştlərə getməsi və ya proseslərə göz yumması qarşılığında, Venesuela məsələsində Rusiyanın geri çəkilməsi razılaşdırılıb. Bu, beynəlxalq siyasətdə geniş yayılmış “siyasi barter” prinsipinə tam uyğundur. Yəni bir tərəf müəyyən mövzuda güzəştə getməsə, digər mövzuda istədiyini əldə edə bilməz. Məhz buna görə də Rusiyanın Venesuela ilə bağlı verdiyi bəyanatlar daha çox formal xarakter daşıyır və real müqavimət nümayiş etdirmir.

Maraqlıdır ki, bu məsələdə İranın və Çinin mövqeləri Rusiyadan daha sərt görünür. Rusiya isə açıq şəkildə ABŞ-a mesaj verir ki, Venesuela məsələsində sənə manevr imkanı yaratdım, indi isə sən Ukrayna məsələsində uyğun şərait formalaşdırmalısan. Əgər yaxın dövrdə ABŞ-ın Ukrayna prezidenti Zelenskini Rusiya ilə danışıqlara və kompromisə təşviq etdiyini müşahidə etsək, bu, əvvəlcədən razılaşdırılmış siyasi anlaşmanın praktik nəticəsi kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, Rusiya ciddi sanksiyalar altındadır və bu sanksiyaların yaratdığı iqtisadi və siyasi yükdən qurtulmaq üçün müəyyən regionlarda geri addım atmağa məcburdur. Bu kontekstdə Venesuelanın faktiki olaraq “qurban verilməsi” Moskva üçün daha az riskli seçim hesab olunur. Ukrayna isə Rusiya üçün strateji baxımdan daha önəmli məsələdir. Buna görə də, Venesuela üzərindən aparılan bu geosiyasi mübadilə ehtimalı digərlərindən daha güclü və inandırıcı görünür”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
84
50
sia.az

10Mənbələr