AZ

Güzgüdəki illər haradan gəlir?

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Bəzən güzgüyə baxıb düşünürük: “Axı nə vaxt bu qədər yoruldum?” Qırışlar birdən-birə yaranmır. Ağaran saçlar bir gecədə çıxmır. İnsan yaşını təqvim yox, vərdişlər yazır üzünə.

Biz isə fərqinə varmadan hər gün özümüzü bir az da qocaldırıq.

Saatlarla bir stulda donub qalırıq. Sanki həyat monitordan ibarətdir. Bədən susur, ruh isə kömək istəyir. Halbuki gənclik hərəkətdədir, addımda, nəfəsdə, sadə bir duruşda.

Sonra stress… Bitməyən narahatlıqlar. Nəzarət edə bilmədiyimiz xəbərlər, başqalarının fikirləri, hələ baş verməmiş fəlakətlər. Ürəyimizi daşıyırıq çiyinlərimizdə, üzüntünü isə üzümüzdə. Xroniki stress səssizcə bizi içəridən çökdürür, üzümüzə isə “yorğun” damğasını vurur.

Nə yediyimizi xatırlamırıq, amma dərimiz unutmur. Emal olunmuş qidalarla bəslənən bədən gec-tez bunu göstərir. Parlaq paketlərdə satılan qidalar bizi doydurur, amma yaşlandırır. Hüceyrələr keyfiyyətsiz materialdan möcüzə yarada bilməz.

Bir də yuxu… “İş çoxdur” deyib gecəni qurban veririk. Halbuki yuxusuzluq göz altına təkcə kölgə yox, illər də yığır. İnsan yuxuda bərpa olunur, sağalır, yenilənir. Yuxunu borc bilənlər onu heç vaxt geri qaytara bilmir.

Ən maraqlısı isə diskomfortdan qaçmağımızdır. Hər şey rahat olsun istəyirik. Amma rahatlıq bədəni tənbəlləşdirir, zehni isə köhnəldir. Gənc qalmaq istəyənlər özlərini çətinliyə salmaqdan qorxmur. Çünki inkişaf həmişə bir az narahatlıqdan keçir.

Və nəhayət… keçmişlə gələcək arasında ilişib qalmaq. Keçmişi dəyişə bilmədiyimiz üçün peşmanlıq, gələcəyi bilmədiyimiz üçün qorxu. Bu zehni səyahətlər bizi indidən uzaqlaşdırır. Halbuki həyat yalnız bu andadır. Gənclik də.

Yaşlanmaq təkcə illərin işi deyil.

Yaşlanmaq , özünü unutmağın nəticəsidir.

Bəlkə də cavan görünmək üçün yeni kremə yox, köhnə vərdişlərdən imtinaya ehtiyacımız var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
17
sia.az

10Mənbələr