2026-cı ildə maliyyə çətinliyi yaşayanlardan deyil, pulunu qoruyan və artıranlardan olmaq üçün bəzi əsas vərdişləri indidən formalaşdırmaq vacibdir.
Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, pulun idarə olunması təkcə qazancdan yox, düzgün davranışlardan asılıdır.
Qeyd olunur ki, insanlar pul itirməmək üçün dörd vərdişi özündə formalaşdırmalıdır:
Pulu izləmək: Pulun hara getdiyini bilmədən onu qorumaq mümkün deyil. Gəlir və xərcləri yazmaq, gündəlik maliyyə axınını izləmək lazımsız xərcləri açıq şəkildə üzə çıxarır. İnsan yalnız bu mərhələdə anlayır ki, pulu nəyə və niyə xərcləyir.
"Sonra yığaram" düşüncəsindən imtina: "Sonra yığaram" fikri çox vaxt heç vaxt baş tutmur. Maaş və ya gəlir daxil olan kimi pul dərhal kateqoriyalara bölünməlidir. Gəlirin 10, 15 və ya 20 faizi əvvəlcədən yığıma yönəldilməlidir. Qalan məbləğ isə aylıq xərclərə uyğun planlaşdırılmalıdır.
Kredit rahatlığına yox, real pula güvən: Rahatlıq üçün kreditə üz tutmaq uzunmüddətli maliyyə itkisinə səbəb olur. Cibində real olaraq nə qədər pul varsa, xərcləmə də ona uyğun olmalıdır. Kreditlə maaşdan qat-qat baha alışlar etmək və sonradan borc ödəmək pul yığmağı mümkünsüz edir və insanı daimi itki dövrünə salır.
Pul hərəkətdə olmalıdır: Yığılan pulun yalnız bir yerdə saxlanması kifayət deyil. İnflyasiya səbəbindən hərəkətsiz pul zamanla dəyər itirir. Bu səbəbdən yığılan vəsaitin bir hissəsi səhm bazarı, kriptovalyuta, bank alətləri və digər investisiya imkanları vasitəsilə dövriyyəyə buraxılmalıdır. Bunun üçün maliyyə savadlılığı və müəyyən bacarıqlar qazanmaq vacibdir.
Qeyd olunur ki, bu dörd vərdişi həyatına tətbiq edənlər 2026-cı ildə pulu bitənlərdən yox, pulunu idarə edən və artıranlardan olacaq.
Mina Mikayılova
Milli.Az