AZ

Fransanın Baş naziri fermerlərə ikili standartlara son qoyulacağını vəd edib

Paris, 5 yanvar, AZƏRTAC

Fransada kənd təsərrüfatı sektorunun böhranı fonunda Baş nazir Sebastyən Lökornü fermerlərə ünvanladığı açıq məktubda hökumətin kursunu açıq şəkildə ortaya qoyub.

AZƏRTAC xəbər verir ki, regional gündəlik mətbuatda dərc olunan məktubda o, fermerlərin dərin ədalətsizlik və qeyri-bərabərlik hissini bölüşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, uzaqdan tətbiq edilən və bəzən məntiqini itirmiş qaydalar peşə nümayəndələrini ciddi sıxıntıya salır.

Baş nazir bildirib ki, hökumətin “kompası artıq aydındır: ikili standartlara son qoymaq”. O, iqtisadi ədalətin bərpasını, kənd təsərrüfatına zərər vuran, lakin ətraf mühiti və ya sağlamlığı yetərincə qorumayan qaydaların ləğvini və ya uyğunlaşdırılmasını prioritet elan edib. Lökornü vurğulayıb ki, bu yanaşma ideoloji deyil, praktik xarakter daşıyır.

Açıq məktubda qeyd olunur ki, dövlət həmişə olduğu kimi fermerlərə sistemli şəkildə dəstək verməyə davam edəcək. O, vahid inzibati nəzarət mexanizmi, qısaldılmış şikayət müddətləri, Kənd Təsərrüfatı üzrə Ümumi Siyasətin (PAC) tələblərinin yüngülləşdirilməsi, fermerlərin yaxşı niyyətinin tanınması və avtomatik, qeyri-mütənasib sanksiyalara son qoyulması kimi bir sıra inzibati sadələşdirmələrin artıq həyata keçirildiyini xatırladıb.

Su ehtiyatları məsələsinə toxunan Baş nazir kənd təsərrüfatı üçün hidravlik avadanlıqlara dəstək fondunun büdcəsinin 3 dəfə artırılacağını açıqlayıb. O, həmçinin parlamentdə bütün siyasi qüvvələrlə razılaşdırılacağı təqdirdə fövqəladə qanunun qəbuluna hökumətin qarşı olmadığını bildirib.

Avropa səviyyəsində Fransanın mövqeyinin “aydın və qəti” olduğunu deyən Lökornü Ümumi Kənd Təsərrüfatı Siyasəti (PAC) büdcəsinin azaldılmayacağını və fermer gəlirlərindən bir sent belə kəsilməyəcəyini vurğulayıb. O, əlavə edib ki, balanssız ticarət razılaşmaları, eləcə də Cənubi Amerika ölkələri ilə müqavilələrə qarşı mübarizə aparılacaq.

Baş nazir, həmçinin bu həftə hökumət tərəfindən bəzi Cənubi Amerika ölkələrindən idxal olunan və Avropada qadağan edilmiş maddələrin qalıqlarını ehtiva edən məhsulların – məsələn, avokado və almaların – idxalının dayandırılması ilə bağlı qərarların qəbul ediləcəyini açıqlayıb. İdxala nəzarətin sərhədlərdə və ölkə daxilində gücləndiriləcəyini bildirən Lökornü, prinsipin sadə olacağını deyib: “Hamı üçün eyni normalar, hamı üçün eyni yoxlamalar”.

Sonda Baş nazir Avropa qaydalarının sadələşdirilməsi üçün mübarizəni davam etdirəcəyini və karbon tənzimləmə mexanizminin gübrə qiymətlərinə mənfi təsirini müvəqqəti neytrallaşdırmaq üçün Avropa Komissiyası ilə işlədiyini bildirib. Onun sözlərinə görə, dövlət məsuliyyətini üzərinə götürəcək və sağlam düşüncə yenidən əsas prinsipə çevriləcək.

Seçilən
29
50
azertag.az

10Mənbələr