Bakı, 5 yanvar, AZƏRTAC
ABŞ-la balanslı və qarşılıqlı hörmət əsasında münasibətlərə nail olmağı prioritet adlandıran Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Vaşinqtona birgə gündəm üzərində işləməyi təklif edib.
AZƏRTAC xəbər verir ki, Delsi Rodriges bu barədə özünün sosial media hesabında yazıb. Onun sözlərinə görə, Karakas ABŞ və region ölkələri ilə suveren bərabərliyə, balanslı və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin inkişafında maraqlıdır.
Prezident səlahiyyətlərinin icraçısı, həmçinin ABŞ-la ortaq inkişafa yönələn əməkdaşlıq gündəliyi üzərində birgə işləməyi təklif edib.
Delsi Rodriges vurğulayıb ki, Venesuela “sülhə və dinc birgəyaşayışa” sadiqdir və “xarici təhdidlər olmadan” fəaliyyət göstərmək istəyir. “Bu, Prezident Nikolas Maduronun mövqeyi olub və qalmaqdadır və bu, hazırda bütün Venesuelanın mövqeyidir”, - deyə o yazıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Karakasdakı mülki və hərbi hədəflərə zərbələr endirib və həmin gün Venesuelada fövqəladə vəziyyət elan edilib. Bir müddət sonra ABŞ Prezidenti Donald Tramp Venesuelaya endirilən zərbələri və ölkə prezidentinin və həyat yoldaşının əsir götürüldüyünü təsdiqləyib. CNN telekanalının məlumatına görə, hazırda onlar Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılır.