AZ

Maduronun həbsi neft bazarında ucuzlaşmaya səbəb olacaq - AÇIQLAMA

BAKI, 5 yanvar. TELEQRAF

Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlət bazarda xüsusi mövqeyə malik deyil:

“ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə.

Məsələnin digər tərəfi, Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyyirmilikdə yer almamasıdır. Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması isə, təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalar ilə bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirliyi (9.1 %) və Kanada (8.5 %) tamamlayırlar”.

Bununla belə, Vüqar Bayramov qeyd edir ki, Venesuela neft ehtiyatlarına görə dünyada birincidir:

“Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördülüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar.

Bazarda təklifin artması qiymətlər baxımından müsbət perspektiv vəd etmir. Müqayisə üçün qeyd edim ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8 faizini formalaşdırır.

Bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə, Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir”.

Vüqar Bayramov qeyd edib ki, digər ssenari isə Venesuelada potensial xaos riskidir:

“Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da belə bu qiymət artımları üçün zəmin yaratmır.

Bütün bunlar isə deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da belə, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır”.

Seçilən
33
50
teleqraf.com

10Mənbələr