Avropa İttifaqı Venesuelada baş verən hadisələr fonunda bütün tərəfləri sakitliyə, təmkinə və beynəlxalq hüquqa hörmət etməyə çağırıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın İttifaqa üzv 26 ölkənin adından “X” platformasında paylaşdığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, istənilən şəraitdə beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl olunmalıdır. Aİ eskalasiyanın qarşısının alınmasını və böhranın sülh yolu ilə həllini vacib sayır.
Bildirilir ki, Venesuelada demokratiyanın bərpasının yeganə yolu xalqın iradəsinə hörmətdir.
Aİ Nikolas Maduronun legitimliyini tanımadığını bir daha qeyd edib, eyni zamanda, beynəlxalq hüquq çərçivəsində transmilli cinayətkarlıq və narkotik alverinə qarşı mübarizəni, ABŞ və tərəfdaşlarla koordinasiyanı davam etdirdiyini açıqlayıb.
Bəyanatda Venesuelada bütün siyasi məhbusların qeyd-şərtsiz azad olunmasına çağırış da yer alıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Maduro hazırda Nyu-Yorkda narkoterrorizm ittihamları üzrə məhkəməni gözləyir.
"Cebheinfo.az"