AZ

Sabit tariflərin tətbiqi işıq və qazın qiymətinə necə təsir edəcək?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib.

Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirib.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.

Bu tariflərin tətbiqi qiymətlərə hansı formada təsir edəcək?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a bildirib ki, işıq və qaza tətbiq edilən 1 manatlıq sabit tarif istehlak miqdarından asılı olmayaraq hər ay ödənilən əlavə məbləğ deməkdir:

"Bu o deməkdir ki, elektrik və ya qazdan az istifadə edən abonentlər üçün ümumi ödəniş nisbətən daha çox artmış kimi hiss olunur, çünki 1 manat onların əvvəlki hesabına birbaşa əlavə olunur. Məsələn, az istehlakı olan ailələrdə bu sabit ödəniş ümumi xərclərin nəzərəçarpacaq hissəsini təşkil edə bilər.

Yüksək istehlakı olan abonentlər üçün isə 1 manatlıq sabit tarif ümumi hesabın içində daha az paya malik olur və qiymətə təsiri zəif hiss edilir. Bu baxımdan sabit tarif istehlak həcminə görə fərqli təsir yaradır və daha çox sosial baxımdan az istehlak edən qruplara yük kimi görünür".

Akif Nəsirlinin sözlərinə görə, bu cür sabit tarif adətən infrastruktur xərclərinin, sayğacların oxunması, xidmətin davamlı saxlanılması və inzibati xərclərin qarşılanması məqsədi daşıyır: "Yəni bu məbləğ enerji sərfiyyatına görə deyil, xidmətin mövcudluğuna görə tutulur. Nəticə etibarilə, 1 manatlıq sabit tarif ümumi qiymət səviyyəsini az da olsa artırır və xüsusilə az gəlirli və az istehlak edən abonentlər üçün daha hiss olunan təsir göstərir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
80
50
banco.az

10Mənbələr