ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın idman siyasətinin strateji mahiyyətini və əldə olunan nəticələrin miqyasını əks etdirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, cari ildə Azərbaycan idmançıları tərəfindən qazanılan medalların sayı rekord həddə çatmış, bu isə ölkədə idmanın inkişafının sistemli və davamlı xarakter daşıdığını nümayiş etdirmişdir.
Çıxışda vurğulanmışdır ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə dövlət xətti ilə çoxsaylı proqramlar icra olunmuş, müasir idman infrastrukturu yaradılmış və beynəlxalq standartlara cavab verən yarışların təşkili təmin edilmişdir. Sağlam gənc nəslin formalaşdırılması ölkənin gələcək inkişafı üçün əsas şərt kimi dəyərləndirilmiş, gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunmuşdur.
Prezident İlham Əliyev idmançıların beynəlxalq arenada Dövlət Bayrağını ucaltmasının cəmiyyətdə qürur hissi yaratdığını qeyd etmiş, idmanın milli birliyi və vətənpərvərlik hisslərini gücləndirən mühüm vasitə olduğunu vurğulamışdır. 2025-ci ildə ölkəmizdə keçirilmiş əsas idman hadisələri sırasında MDB ölkələrinin üçüncü Oyunları xüsusi yer tutmuş, həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin Bakıda keçirilməsi mühüm hadisə kimi dəyərləndirilmişdir.
Çıxışda idman tədbirlərinin turizmə müsbət təsiri də qeyd olunmuşdur. Xüsusilə, Formula 1 yarışlarından sonra ölkəyə gələn xarici turistlərin sayının 20 faiz artması Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyinin möhkəmləndiyini göstərmişdir. İl ərzində ölkədə yüzlərlə beynəlxalq idman yarışının keçirildiyi, gələn il də bu prosesin davam edəcəyi bildirilmişdir.
Prezident İlham Əliyev Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsini ilin ən önəmli hadisələrindən biri kimi qiymətləndirmiş, bunun Azərbaycan üçün böyük şərəf və beynəlxalq etimadın göstəricisi olduğunu vurğulamışdır. Bu çıxış bütövlükdə ölkənin idman sahəsində əldə etdiyi nailiyyətləri və gələcək inkişaf perspektivlərini elmi-analitik baxımdan aydın şəkildə ortaya qoymuşdur.Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.