Bir neçə avropalı siyasətçinin fikrincə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenin təşviq etdiyi siyasət Avropa İttifaqını sistemli böhrana doğru aparır və fəlakətli nəticələrə səbəb ola bilər.
Publika.az xəbər verir ki, Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının sözçüsü Armando Mema TASS-a bildirib ki, hazırkı Aİ rəhbərliyi faktiki olaraq ittifaqı "Dördüncü Reyx"ə bənzər bir şeyə çevrilməyə doğru itələyir.
O, öz qiymətləndirməsində Avropa İttifaqının iqtisadi, siyasi və ideoloji baxımdan bir neçə cəhətdən dağılmaq üzrə olduğunu qeyd edir. Mema hesab edir ki, fon der Lyeyen hərbiləşdirmə və sərt mərkəzləşdirmənin Avropada sülhü qorumağın yeganə yolu olduğuna dair səhv və radikal inancla hərəkət edir.
Finlandiyalı siyasətçi Avropa Komissiyası prezidentinin yanaşmasını tamamilə dağıdıcı və Avropa Birliyinin ilkin təməllərinə zidd adlandırıb. O xatırladıb ki, Aİ sülh və əməkdaşlıq layihəsi kimi yaradılıb, halbuki bu gün onun sözlərinə görə, Brüsseldəki rəhbərlik qitənin yenidən silahlanmasına pul qoyur və ümumavropa ordusunun yaradılması ideyasını təbliğ edir.