AZ

TASS: ABŞ-nin Maduroya qarşı əməliyyatı Avropada silahlanma yarışını sürətləndirəcək

BAKI, 4 yanvar. TELEQRAF

ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduronun saxlanılması Avropada yenidən silahlanma prosesini sürətləndirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Brüsseldəki Avropa ölkələrindən birinin missiyasında çalışan diplomat TASS-a açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, ABŞ-nin açıq-aşkar uydurma bəhanə ilə prezident Maduronu güc yolu ilə ələ keçirməsi bütün dünyaya Vaşinqtonun siyasi məqsədlərinə çatmaq üçün birbaşa hərbi gücdən istifadə etməyə hazır olduğu mesajını verib. Onun fikrincə, bu siqnal Avropada ciddi narahatlıq doğurub.

“NATO-nun 75 illik tarixində ilk dəfədir ki, Avropa ölkələri özlərini bu siyasətin tərəfdaşı yox, potensial hədəfi kimi hiss edirlər. ABŞ-nin Qrenlandiya ilə bağlı iddialarını xatırlasaq, bu qorxu daha da güclənir”, - deyə diplomat vurğulayıb.

O qeyd edib ki, ABŞ artıq Avropa üçün təhlükəsizlik təminatçısı rolundan uzaqlaşır və potensial təhlükə mənbəyinə çevrilə bilər. Bu isə Avropada təhlükəsizlik boşluğu hissini dərinləşdirir və Avropa İttifaqı ölkələrinin remilitarizasiyasını sürətləndirir.

Aİ-də vahid mövqe yoxdur

Diplomat bildirib ki, Venesueladakı vəziyyətlə bağlı Aİ-yə üzv olan 27 ölkənin hələlik vahid mövqeyi formalaşmayıb. Brüsseldən səslənən bəyanatlar institut rəhbərlərinin şəxsi mövqeyini əks etdirir və bütün İttifaq adından danışılmır.

Onun fikrincə, Avropa ölkələri Maduronun saxlanılmasını və hakimiyyətdən uzaqlaşdırılmasını baş vermiş fakt kimi qəbul edəcək və bundan sonra Venesuelada sülh yolu ilə və demokratik hakimiyyət ötürülməsi çağırışları ilə kifayətlənəcək.

Xatırladaq ki, daha əvvəl TASS mənbələri ABŞ-nin Maduronun saxlanılması əməliyyatı barədə Avropalı müttəfiqlərini əvvəlcədən məlumatlandırmadığını bildirmişdi.

Eyni zamanda Aİ institutlarının rəhbərləri – Ursula fon der Lyayen, Antoniu Koşta, Roberta Metsola və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Venesuela ətrafında “təhlükəsizliyə çağırış” və “demokratik keçid” mövqeyini təkrarlayıblar. Lakin onların heç biri Maduronun saxlanılması faktına birbaşa münasibət bildirməyib, yalnız onun legitimliyi ilə bağlı iddiaları xatırladıblar.

Seçilən
65
50
teleqraf.com

10Mənbələr