“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “AZCON Holding”in şirkətlərindən olan “Aztelekom” MMC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində fəaliyyətini davam etdirir.
“Aztelekom”dan SİA-ya bildirilib ki, son bir il ərzində bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində bir sıra yaşayış məntəqələri müasir telekommunikasiya xidmətləri ilə təmin olunub.
“Hesabat dövründə ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Son bir il ərzində bu ərazilərdə 4308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub. Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb. Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır. “Aztelekom” MMC gələcək illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək regionda müasir və dayanıqlı telekommunikasiya infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək”, - deyə qurumun məlumatında qeyd olunub.