BAKI, 5 yanvar. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın ona qarşı narkotacir olması barədə ittiham və təhdidlərini rədd edib.
Teleqraf xəbər verir ki, Petro bu barədə X-də yazıb.
“Mənim adım narkotik ticarəti ilə bağlı məhkəmə sənədlərində yer almır. Cənab Tramp, mənim nüfuzumu ləkələməyə son verin”, - Kolumbiya lideri vurğulayıb.
ABŞ Prezidenti bundan əvvəl Kolumbiyada Venesuelada həyata keçirilən əməliyyata bənzər əməliyyatın yaxşı fikir ola biləcəyini bəyan edərək, Petronu Amerikaya narkotik qaçaqmalçılığı təşkil etməkdə günahlandırıb və onun vəzifəsində uzun müddət qalmayacağı barədə xəbərdarlıq edib.
Kolumbiya Prezidenti Tramp administrasiyasının regionda apardığı hərbi əməliyyatları kəskin tənqid edib, Venesuela Prezidenti Nikolas Maduronun heç bir hüquqi əsası olmadan oğurlandığını bildirib.