Avropa İttifaqının (Aİ) ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi ilə bağlı yaydığı birgə bəyanata Macarıstan qoşulmayıb. 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Aİ-yə üzv 26 ölkənin imzaladığı bəyanatda Venesuelada vəziyyətin gərginləşməsinin qarşısının alınması və dinc həll yolunun tapılması üçün bütün tərəflərə təmkinli davranmaq çağırışı edilib. Bəyanatda istənilən halda beynəlxalq hüququn prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə əməl olunmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu məsələdə BMT Təhlükəsizlik Şurasının üzvləri “xüsusi məsuliyyət” daşıyır. Sənəddə Aİ-nin Venesuela Prezidenti Nikolas Maduronun demokratik yolla seçilmiş prezidentə xas legitimliyə malik olmadığını dəfələrlə bəyan etdiyi xatırladılıb. Bildirilib ki, Aİ ölkənin suverenliyinə hörmət etməklə, venesuelalıların rəhbərliyi altında dinc və demokratik keçidi dəstəkləyir və Venesuela xalqının öz gələcəyini müəyyən etmək hüququna hörmət göstərilməlidir. Bəyanatda həmçinin Aİ-nin qlobal miqyasda təhlükəsizlik təhdidi yaradan beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə gündəminə qoşulduğu qeyd olunub. Bu mübarizənin beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və suverenlik prinsiplərinə tam hörmət çərçivəsində, əməkdaşlıq yolu ilə aparılmalı olduğu vurğulanıb. Aİ-nin Venesuelada demokratik, inklüziv və dinc həll yoluna nail olunması məqsədilə ABŞ, eləcə də regional və beynəlxalq tərəfdaşlarla sıx təmasda olduğu bildirilib. Venesuela xalqının iradəsinə hörmətin mövcud böhranın həllinin yeganə yolu olduğu diqqətə çatdırılaraq, bu kritik dövrdə bütün tərəflərin insan hüquqlarına və beynəlxalq humanitar hüquqa tam şəkildə hörmət etməsinin vacibliyi vurğulanıb. Həmçinin Venesuelada saxlanılan bütün siyasi məhbusların qeyd-şərtsiz azad olunması çağırışı edilib. Bəyanatda əlavə olaraq, Aİ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə üzv ölkələrin diplomatik nümayəndəliklərinin koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi qeyd olunub. Macarıstanın bu bəyanata qoşulmaması isə diqqət çəkib.