AZ

2025-ci il Çində müşahidələr tarixində ən isti il olub

Orta illik hava temperaturu normanı xeyli üstələyib, yağıntılar üzrə də rekordlar qeydə alınıb...

Poliqon xəbər verir ki, 2025-ci ildə Çində orta illik hava temperaturu 11 dərəcə selsi təşkil edib və bu göstərici ölkədə aparılan bütün əvvəlki meteoroloji müşahidələrin nəticələrini geridə qoyub. Rəsmi meteoroloji müşahidələr Çində 1961-ci ildən etibarən aparılır.

“Sinxua” agentliyinin Çin Xalq Respublikasının Meteorologiya İdarəsinə istinadən yaydığı məlumata görə, 2025-ci ildə orta illik temperatur iqlim norması hesab olunan 9,9 dərəcədən 1,1 dərəcə yüksək olub. Bu, uzunmüddətli müşahidələr fonunda iqlim dəyişikliklərinin ölkə üzrə təsirinin daha da gücləndiyini göstərir.

Bildirilir ki, yay aylarında, iyun-avqust dövründə orta temperatur 22,3 dərəcə Selsi səviyyəsinə çatıb. Bu göstərici də adi yay normasını 1,1 dərəcə üstələyərək rekord kimi qeydə alınıb. Mütəxəssislər bunu həm qlobal istiləşmə, həm də regionda atmosfer sirkulyasiyasındakı dəyişikliklərlə əlaqələndirirlər.

Eyni zamanda, 2025-ci ildə Pekində yağıntıların miqdarı üzrə də tarixi rekord müəyyən edilib. Paytaxtda yağışlı mövsümün müddəti və bu dövr ərzində düşən ümumi yağıntı həcmi misli görünməmiş səviyyəyə çatıb. Oxşar vəziyyət Çinin şimal bölgələrində də müşahidə olunub: burada da yağış mövsümünün uzunluğu və yağıntıların miqdarı tarixi maksimumları yeniləyib.

Meteoroloqlar qeyd edirlər ki, temperatur və yağıntılardakı bu cür kəskin artım kənd təsərrüfatı, şəhər infrastrukturu və su ehtiyatlarının idarə olunması baxımından yeni risklər yaradır və iqlimə uyğunlaşma tədbirlərinin gücləndirilməsini zəruri edir.

Poliqon.info

Seçilən
64
16
poliqon.info

10Mənbələr