Ali Məhkəmədə insan alverində təqsirləndirilən F.F.-in (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş F.F.-in barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 23 may tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, F.F. tamah niyyəti ilə qadınları aldatmaq və onların zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi və insan alveri cinayətlərində təqsirləndirilir.
İttihama görə, o, şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı Azərbaycan Respublikası vətəndaşları ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib və bir qrup şəxs halında fəaliyyət göstərib. Onlar aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2020-ci ilin dekabr ayının əvvəllərində Ş.C. vasitəsilə Türkiyənin Trabzon şəhərində yüksək maaşlı işlə təmin ediləcəyi vədi ilə zərərçəkmiş V.V. (adı, soyadı şərtidir) ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq onu aldadıblar.
Zərərçəkmiş şəxsin razılığını aldıqdan sonra bütün yol xərcləri ödənilməklə 16 dekabr 2020-ci il tarixdə saat 09:48-də Bakı Beynəlxalq Hava Limanı vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilib Türkiyənin Trabzon şəhərinə aparıldığı, orada cinayət əlaqəsində olan şəxslərin kirayə götürdüyü mənzildə yerləşdirildiyi bildirilir. Daha sonra insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasport götürülərək saxlanılıb və 17 dekabr 2020-ci ildən 4 iyun 2021-ci ilədək Trabzon şəhərinin müxtəlif ərazilərində pul qarşılığında kişi müştəriləri ilə görüşdürülməklə cinsi istismar edilib.
Bundan başqa, ittihama əsasən, F.F. eyni məqsədlə 2021-ci ilin oktyabr ayının əvvəllərində tanışı, zərərçəkmiş T.T. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayaraq onu da Trabzon şəhərində yüksək maaşlı işə düzəldəcəyi vədi ilə aldadıb. Zərərçəkmiş şəxs razılıq verdikdən sonra bütün yol xərcləri ödənilməklə 30 oktyabr 2021-ci il tarixdə saat 08:47-də Gəncə Beynəlxalq Hava Limanı vasitəsilə Türkiyə Respublikasına aparılıb və eyni qrup üzvləri ilə kirayə mənzildə yerləşdirilib.
İstintaq materiallarına görə, 1 noyabr 2021-ci ildən 17 noyabr 2021-ci ilədək olan müddətdə zərərçəkmiş T.T. də Trabzon şəhərinin müxtəlif yerlərində pul müqabilində kişi müştəriləri ilə görüşdürülərək cinsi istismara məruz qalıb. Beləliklə, F.F və cinayət əlaqəsində olduğu şəxslər tərəfindən iki zərərçəkmiş şəxs barəsində təkrarən insan alveri cinayəti törədilib.
Kamal Məmmədov