Bayram günlərindən etibarən Şamaxı şəhərində elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb. Sakinlərin dediklərinə görə, artıq 6-7 saatdır ki, şəhərin əksər hissəsində işıqlar tamamilə sönüb.
Sakinlərdən biri vəziyyətlə bağlı narazılığını belə ifadə edib:
"Bayramdan bəri işıq yanır-sönür. İndi isə 6-7 saatdır ümumiyyətlə yoxdur. Qaranlıqda qalmışıq".
Başqa bir sakin isə problemin soyuq hava şəraitində daha ağır nəticələrə səbəb olduğunu deyib:
"Hava çox soyuqdur. Evdə kombi sistemi elektriklə işləyir. İşıq olmadığından kombi də işləmir. Nəvələrim evdə donurlar".
Onların sözlərinə görə, qaz təchizatı mövcud olsa da, elektrik enerjisinin kəsilməsi səbəbindən istilik sistemləri işləmir:
"Uşaqlar evdə xəstədirlər, qızdırmaları var. 7 saatdır işıq yoxdur, dona-dona qalmışıq. "Azərişığ"a zəng edirik, deyirlər gözləyin. Əvvəl 40 dəqiqə deyirlər, sonra 1 saat, 2 saat… amma problem hələ də həll olunmayıb".
Məlumata görə, Şamaxı şəhərinin müxtəlif ərazilərində oxşar vəziyyət müşahidə olunur. Günorta saatlarından etibarən elektrik enerjisinin verilişinin dayanması şəhər sakinlərini çətin vəziyyətdə qoyub.
Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, hazırda qeyri-iş günü olduğu üçün yaranmış problemlə bağlı açıqlama vermək mümkün deyil.