İtaliya A Seriyasının 2025/2026 mövsümünün 18-ci turu çərçivəsində keçirilən “Latsio” – “Napoli” oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Romada yerləşən “Olimpiko” stadionunda keçirilib. Matçın baş hakimi İmperiya şəhərindən olan Davide Massa olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 13-cü dəqiqədə “Napoli”nin müdafiəçisi Leonardo Spinaççola açıb. Neapol təmsilçisinin üstünlüyünü 32-ci dəqiqədə digər müdafiəçi Amir Rrahmani ikiqat artırıb. Matçın 81-ci dəqiqəsində “Latsio”nun hücumçusu Teyyanni Noslin birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 88-ci dəqiqədə isə daha iki futbolçu – romalıların müdafiəçisi Adam Maruşiç və “Napoli”nin futbolçusu Paskuale Mazzokki qırmızı vərəqə ilə cəzalandırılıb.
18 turdan sonra “Latsio” 24 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Napoli” isə 17 oyunda topladığı 37 xalla ikinci mövqedə yer alır. A Seriyasına 17 qarşılaşmadan sonra 38 xalı olan “Milan” başçılıq edir.