GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Beynəlxalq miqyasda ABŞ-ın Venesueladakı hərbi əməliyyatlarına haqq qazandıranlar da var, Venesuelanı müdafiə edənlər də. Lakin siyasi mövqelərdən kənara çıxaraq məsələyə sırf beynəlxalq hüquq prizmasından yanaşmaq zəruridir.
Məhz bu səbəbdən media nümayəndələri tərəfindən ünvanlanan suallar da əsasən hüquqi mahiyyət daşıyır. Hesab edirəm ki, bu yanaşma həm jurnalistlər, həm də ictimai rəy üçün xüsusi əhəmiyyət kəsb edir.
İlk və əsas sual bundan ibarətdir: beynəlxalq hüquqda dövlət başçılarının immuniteti tanındığı halda ABŞ-ın Venesuelaya münasibətdə atdığı addımlar qanunazidd deyilmi?
Dövlət başçısının immuniteti və ABŞ-ın mövqeyi
Beynəlxalq hüquqa görə dövlət başçıları şəxsi (ratione personae) və funksional (ratione materiae) immunitetdən istifadə edirlər. Şəxsi immunitet vəzifədə olduqları müddətdə onları digər dövlətlərin milli məhkəmələrinin cinayət və mülki yurisdiksiyasından, habelə həbs və təqibdən qoruyur. Funksional immunitet isə vəzifə səlahiyyətləri çərçivəsində görülmüş rəsmi hərəkətlərə görə vəzifədən getdikdən sonra da qüvvədə qalır.
ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu immunitet Nikolas Maduroya şamil edilmir, çünki Vaşinqton onu Venesuelanın qanuni dövlət başçısı kimi tanımır. Hələ 2023-cü ildə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə açıqlamasında bildirmişdi ki, Nikolas Maduroya yanaşmamız dəyişmir, o, Venesuelanın legitim lideri deyil. Beləliklə, ABŞ hüquqi arqument kimi tanınma məsələsinə istinad edir.
Güc tətbiqi qadağası və təcavüz
Məsələnin daha ciddi tərəfi ondan ibarətdir ki, ABŞ-ın bu davranışı beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin prinsiplərinə ziddir. BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə əsasən dövlətlər digər dövlətlərə qarşı güc tətbiqindən çəkinməli, onların ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidirlər. Bu norma beynəlxalq hüququn təməl prinsiplərindən biri olmaqla, güc tətbiqini qadağan edir və bu cür hərəkətlər təcavüz kimi qiymətləndirilə bilər.
“The Guardian” qəzetinin apardığı araşdırma da bu mövzuda maraqlı hüquqi müzakirələri üzə çıxarıb. Syerra-Leone Xüsusi Məhkəməsinin keçmiş prezidenti Ceffri Robertson və Kinqston Universitetinin beynəlxalq hüquq professoru Elvira Dominqes-Redondo ABŞ-ın addımlarını təcavüz aktı kimi dəyərləndiriblər. Yalnız beynəlxalq hüquq professoru, Qabaqcıl Hüquq Tədqiqatları İnstitutunun baş elmi işçisi Syuzan Breau qeyd edib ki, bu cür hücum yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olduqda və ya özünümüdafiə çərçivəsində həyata keçirildikdə qanuni sayıla bilər. Halbuki nə BMT Təhlükəsizlik Şurasının belə bir qətnaməsi mövcuddur, nə də ABŞ-a qarşı Venesuela tərəfindən silahlı hücum təhlükəsi olub ki, özünümüdafiə hüququndan istifadə edilsin.
Digər arqument kimi narkotik qaçaqmalçılığı ilə mübarizə də hüquqi baxımdan yetərli deyil. Bunun üçün narkotik şəbəkələrinin ABŞ-ın suverenliyinə real və bilavasitə təhlükə yaratdığı, həmçinin bu təhlükənin məhz Venesueladan qaynaqlandığı açıq və inandırıcı sübutlarla ortaya qoyulmalıdır. Bu proses beynəlxalq birlik üçün şəffaf olmalıdır ki, beynəlxalq hüquqa olan inam zədələnməsin.
Bu kontekstdə ABŞ-ın universal yurisdiksiya prinsipinə istinad etməsi də mümkün görünmür. Çünki universal yurisdiksiya yalnız genosid, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi ağır beynəlxalq cinayətlərə şamil olunur. Maduronun ittiham olunduğu əməllər bu kateqoriyaya daxil deyil.
Təhlükəli presedent və beynəlxalq sistemin zəifləməsi
Əgər ABŞ Venesuelaya müdaxiləsinə görə heç bir hüquqi nəticə ilə üzləşməzsə, bu, digər dövlətləri də beynəlxalq hüquqazidd əməliyyatlar aparmağa təşviq edə bilər. Əslində belə presedentin təməli artıq Rusiyanın Ukraynaya münasibətində qoyulmuşdu. Zəmanət vermək olmaz ki, sabah Çin Tayvan məsələsində eyni arqumentlərdən istifadə etməyəcək.
Bu proseslərin davamı BMT-nin rolunu daha da zəiflədə, onu formal və təsirsiz bir mexanizmə çevirə bilər. Maraqlıdır ki, Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ABŞ-ın bu addımını açıq şəkildə beynəlxalq hüquqazidd elan etmir. Onlar əsasən faktların araşdırılmasını, məsələnin dinc yolla həllini və müxalifət namizədinə siyasi imkanların yaradılmasını dəstəklədiklərini bildirirlər. Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi təşkilatın dəfələrlə Maduronun legitimliyinin tanınmadığını vurğulasa da, eyni zamanda beynəlxalq ictimaiyyəti təmkinli olmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırır.
Beynəlxalq hüquqda icra mexanizmlərinin zəifliyi, güclü dövlətlərin faktiki güc hesabına presedent yaratması və etirazlara baxmayaraq real hüquqi sanksiyaların tətbiq olunmaması ciddi problemdir. Əsas məsələ odur ki, beynəlxalq hüquq normaları mövcud olsa da, onların icrası siyasi iradədən asılıdır. Güclü dövlətlərin məsuliyyətdən kənarda qalması beynəlxalq hüququ zəiflədir və onu selektiv tətbiq olunan mexanizmə çevirir. Bu tendensiyanın qarşısını almaq üçün hüquqi institutların gücləndirilməsi və beynəlxalq konsensusun bərpası həyati əhəmiyyət daşıyır. Bununla bağlı aşağıdakı hüquqi və institusional təkliflər irəli sürülə bilər:
Güc tətbiqi hallarına dair müstəqil beynəlxalq araşdırma mexanizminin yaradılması. BMT çərçivəsində, institusional baxımdan müstəqil bir istintaq mexanizmi təsis edilməlidir. Bu mexanizm dövlətlərin “özünümüdafiə” və ya “transmilli təhlükə” arqumentlərinin obyektiv hüquqi qiymətləndirilməsini aparmalı və nəticələri ictimaiyyətə açıq şəkildə təqdim etməlidir.
Dövlət başçılarının immuniteti ilə tanınma məsələsinin aydınlaşdırılması. Beynəlxalq hüquqda dövlət başçılarının immunitetinin tanınması məsələsində qeyri-müəyyənlik mövcuddur. BMT Baş Assambleyası çərçivəsində qəbul ediləcək izahedici qətnamə və ya tövsiyə xarakterli sənəd “de-fakto hakimiyyət” və “de-yure tanınma” anlayışlarının hüquqi nəticələrini dəqiqləşdirə bilər və bu sahədə boşluqları aradan qaldıra bilər.
Özünümüdafiə anlayışının dar və sübutlara əsaslanan şərhi. BMT Nizamnaməsinin 51-ci maddəsinin şərhi daha sərt meyarlarla məhdudlaşdırılmalıdır. “Gələcək təhlükə” və ya “potensial hücum” kimi anlayışlar hüquqi əsas kimi qəbul edilməməli, özünümüdafiə yalnız real, qaçılmaz və sənədlərlə sübuta yetirilmiş silahlı hücum halında tətbiq edilməlidir.
Regional təşkilatların rolunun gücləndirilməsi. Amerika Dövlətləri Təşkilatı (OAS), Avropa İttifaqı və digər regional qurumlar münaqişə vəziyyətlərində vasitəçi rolunu gücləndirməli, hərbi müdaxilədən əvvəl diplomatik və hüquqi mexanizmlərin tam istifadə olunması şərt kimi irəli sürülməlidir.
Selektiv legitimlik yanaşmasından imtina. Dövlətlərin digər ölkələrin liderlərini siyasi məqsədlərlə “qanuni” və ya “qanunsuz” elan etməsi beynəlxalq hüquqda təhlükəli presedent yaradır. Bu praktikanın hüquqi nəticələri BMT səviyyəsində müzakirəyə çıxarılmalı və normativ çərçivəyə salınmalıdır.
Əlövsət Allahverdiyev
hüquq üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin müəllimi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.