Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, Frankfurt təmsilçisi Almaniyanın digər klubu “Hoffenhaym”dan Ayube Amaimuni Eçquyabı transfer edib.
Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. “Ayntraxt” bu transfer üçün qarşı tərəfə cəmi 200 min avro ödəyib.
Ayube Amaimuni Eçquyab “Rot Vays Essen” klubunun yetirməsidir. O, “Arminiya” (Bilefeld), “Erkensşvik” kimi komandalarda da çıxış edib. 2024-cü ildən “Hoffenhaym”ın formasını geyinən futbolçu bu klubun ikinci komandasında oynayırdı.
Ayube bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Frankfurt təmsilçisi bir neçə gün əvvəl “Elversberq”dən (Almaniya) hücumçu Yunes Ebnutalibi də transfer etmişdi.
