Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.
2025-ci ildə dünyanın ən varlı 500 nəfərinin ümumi sərvəti rekord həddə – 2,2 trilyon dollar artıb.
Yeniavaz.com “Bloomberg”in yaydığı məlumata istinadən xəbər verir ki, artımın əsas səbəbi süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərində müşahidə olunan sürətli yüksəlişdir.
ABŞ-nin texnologiya maqnatları bu artımın əsas qalibləri olub. Dünyanın ən varlı 10 nəfərindən 8-i texnologiya sektorunda fəaliyyət göstərir və onlar birlikdə bir il ərzində yarım trilyon dollardan çox qazanc əldə ediblər.
Dünyanın ən varlı adamı olan İlon Mask 2025-ci ildə 190 milyard dollar qazanaraq sərvətini 623 milyard dollara çatdırıb. “Tesla” qarşıya qoyduğu iddialı hədəflərə nail olarsa, Mask tarixdə ilk trilyoner ola bilər.
“Google”un həmtəsisçisi Larri Peyc sərvətini 101 milyard dollar artıraraq 270 milyard dollara yüksəldib.
“Amazon”un qurucusu Ceff Bezos isə 16 milyard dollar qazanıb və ümumi sərvəti 255 milyard dollar olub.
“Google”un digər həmtəsisçisi Sergey Brin 92,5 milyard dollar əlavə edərək sərvətini 251 milyard dollara çatdırıb.
“Oracle”un həmtəsisçisi Larri Ellison 57,7 milyard dollar gəlir əldə edib və sərvəti 250 milyard dollar olub.
“Meta”nın rəhbəri Mark Zukerberq sərvətini 28 milyard dollar artıraraq 235 milyard dollara çatdırıb.
Texnologiya sektorundan kənarda ən çox diqqət çəkən şəxs isə LVMH qrupunun rəhbəri Bernar Arno olub. O, qlobal milyarderlər siyahısında 7-ci yerdə qərarlaşıb. Arnonun sərvəti 30 milyard dollar artaraq 206 milyard dollara yüksəlib. Bu artım xüsusilə Şimali Amerika bazarında “Louis Vuitton”, “Tiffany & Co.”, “TAG Heuer” və “Dom Perignon” kimi brendlərin satışlarının canlanması ilə əlaqələndirilir.
Arno bu göstərici ilə “Microsoft”un keçmiş baş icraçı direktoru Stiv Balmer (+30 mlrd dollar) və “Nvidia”nın rəhbəri Censen Huang (+23 mlrd dollar) kimi milyarderləri geridə qoyub. Qeyd edək ki, “Nvidia” 2025-ci ilin oktyabrında 5 trilyon dollar bazar dəyərinə çatan dünyada ilk şirkət olub.
Siyahının sonunda isə əfsanəvi investor Uorren Baffet yer alır. O, 2025-ci ildə sərvətinə 9,54 milyard dollar əlavə edərək ümumi varidatını 152 milyard dollara çatdırıb.
Mütəxəssislər bildirirlər ki, süni intellekt texnologiyalarının sürətli inkişafı yaxın illərdə də qlobal sərvət balansına ciddi təsir göstərəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.