Venesuela hökumətinin açıqlamasına görə, ABŞ bir neçə ştatda mülki və hərbi obyektlərə zərbə endirib.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Venesuela hökumətinin yaydığı bəyanatda ABŞ-ın hərbi təcavüzü rədd edilib və bildirilib ki, “ABŞ hücumlarının məqsədi Venesuelanın neft və mədən ehtiyatlarını ələ keçirməkdir. ABŞ bu resursları ələ keçirməkdə uğur qazanmayacaq. Hücumlar Karakas, Miranda, Araqua və La Qvayra ştatlarında baş verib”.
Qeyd olunub ki, Pentaqon məsələ ilə bağlı şərh istəklərini Ağ Evə yönləndirib, lakin Ağ Ev şərh üçün göndərilən elektron məktuba dərhal cavab verməyib.
Federal Aviasiya Administrasiyası Karakasda baş verən partlayışlardan əvvəl “davam edən hərbi fəaliyyət” səbəbilə ABŞ-ın kommersiya uçuşlarının Venesuela hava məkanında həyata keçirilməsini qadağan edib.
Karakasda yerləşən bir hərbi bazanın anqarından tüstünün qalxdığı müşahidə olunub. Paytaxtdakı başqa bir hərbi obyekt isə elektrik enerjisiz qalıb.