AZ

Niklas Füllkruq “Milan”da – Rəsmi – ARENA.AZ

İngiltərənin “Vest Hem” klubunun almaniyalı mərkəz hücumçusu Niklas Füllkruq bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi 32 yaşlı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Niklas Füllkruq futbola “Riklingen” klubunda qədəm qoyub. Yeniyetməlik və erkən gənclik illərini “Sportfunde Riklingen” və “Verder”də keçirmiş hücumçu, elə, “musiqiçilər”in heyətində də böyük futbolda debüt edib. Ardınca Füllkruq “Qroyter Fürt”, “Nürnberq”, “Hannover” və Dortmund “Borussiya”sında çıxış edib.

“Vest Hem” Füllkruqu 2024-cü ilin yayında 27 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından transfer edib. Onun “çəkicdöyənlər”lə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi mövcuddur. Alman hücumçu İngiltərə klubunun heyətində 29 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Niklas Füllkruq 2022-ci ilin noyabrında debüt etdiyi Almaniya yığmasının heyətində keçirdiyi 24 oyuna 14 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Füllkruq böyük futbolda komanda səviyyəsində heç bir qənimət qazanmayıb, amma fərdi uğura imza atıb. Füllkruq 2022/2023-cü illər mövsümündə 16 qolla Almaniya Bundesliqasının ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı alman hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
86
50
arena.az

10Mənbələr