Argentinanın “Veles Sarsfild” klubunun sol vingeri Tyaqo Fernandes bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Argentinalı vinger İspaniya klubuna azad agent kimi qoşulub. 21 yaşlı oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.
Tyaqo Fernandes “Veles Sarsfild”in yetirməsidir. Gənc futbolçu indiyə qədər yalnız bu klubun formasını geyinib. O, Argentina klubunun əsas komandasının heyətində 48 oyuna çıxıb. Gənc vinger bu görüşlərdə 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Tyaqo Argentinanın U-23 millisinin heyətində 2 oyuna çıxsa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.
