Tbilisi, 2 yanvar, AZƏRTAC
Obyektiv baxsaq görərik ki, Gürcüstan ilə sağlam münasibətlərin bərpası Avropa İttifaqının (Aİ) özünün maraqlarına uyğundur. Aİ bunu etmədikdə, məntiqi nəticəyə gələ bilərik ki, Avropa bürokratiyası suveren şəkildə və Avropa İttifaqının obyektiv maraqlarına uyğun hərəkət edə bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi LİVE” verilişində söyləyib.
Hökumət başçısının sözlərinə görə, xüsusilə də hər yerdə ikili standartların müşahidə olunduğu bir vaxtda belə münasibət üçün başqa heç bir əsaslandırma və ya izahat yoxdur.
"Biz ölkəmizi Moldova ilə, konkret qonşu ölkələrlə və ya Orta Asiya ölkələri ilə müqayisə etdik. Bu, tamamilə absurddur. Bağlantı və tranzit mövzusunda 7 ölkənin iştirak etdiyi görüş keçirildi və 8 ölkədən yalnız biri, o da Gürcüstan iştirak etmədi. Gürcüstan dənizə çıxışı olan və digər 7 ölkəyə dənizə çıxışı təmin edən yeganə ölkədir. Avropa bürokratiyası belə bir absurdluğa çatıb. Aydındır ki, onlar suveren və Avropa birliyinin obyektiv maraqlarına uyğun hərəkət edə bilməzlər. Əks təqdirdə, Avropa İttifaqı Gürcüstanla sağlam münasibətlərə qayıtmağa çalışardı. Hər kəs hər şeyi çox yaxşı bilir, baxmayaraq ki, Avropa bürokratiyasının tez-tez tətbiq etdiyi ikili standartları görürük" – deyə, İrakli Kobaxidze bildirib.