AZ

Hikmət Hacıyev: "ABŞ sülh gündəliyinə tam dəstək göstərib"

AzVision.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə müsahibəsində söyləyib. O diqqətə çatdırıb ki, Tramp administrasiyasının dərhal qarşılıqlı yanaşması və tam şəkildə prosesə cəlb olunması xüsusilə təqdirəlayiqdir:

"ABŞ tərəfindən Azərbaycana qarşı mövcud məhdudiyyətlərin davam etdirilməsi sülh prosesinə ziddir. Həm Azərbaycan, həm də Ermənistan hökumətləri sülhün möhkəmləndirilməsi istiqamətində çətin bir yol qət edir. Bununla yanaşı, ABŞ Konqresi bəzi dairələrin tamamilə zəruri olmayan və parçalanmaya səbəb olan qanunvericilik təşəbbüslərini irəli sürür. Bayden və Blinken administrasiyası dövründə, təəssüf ki, çoxlu anlaşılmazlıqlar yaşandı və bu anlaşılmazlıqlar münasibətlərimizə xeyli zərər vurdu".

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Ermənistanla iqtisadi əlaqələr qurmaq istiqamətində addımlar atır. Bu çərçivədə Ermənistana neft məhsullarının ixracı və taxıl tədarükünün təmin edilməsi həyata keçirilir:

"Bu addımlar simvolik görünə bilər, lakin mühüm geosiyasi məna daşıyır. Biz yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də sülh qururuq".

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın dini plüralizm modeli ölkəni qeyri-sabit regionda Qərb üçün təbii tərəfdaşa çevirir:

"Azərbaycanda əsrlər boyu yəhudi, xristian və müsəlman icmaları yanaşı yaşayır. Bu, bizim ənənəmiz və kimliyimizdir. Sülh gündəliyimizə daha güclü qərarlılığımız var və bu istiqamətdə Tramp administrasiyasının tam dəstəyini görürük".

AzVision.az
Seçilən
101
50
azvision.az

10Mənbələr