AZ

Akademik Əli Abbasovun kollektivlə yekun görüşü keçirildi - FOTOLAR

30 dekabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun kollektivi ilə vida görüşü keçirilib. Tədbirdə institutun kollektivi iştirak ediblər.

"Unikal" xəbər verir ki, iclası giriş nitqi ilə açan akademik Əli Abbasov institutun kollektivini 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2026-cı il münasibəti ilə təbrik edib, onlara yeni elmi müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Mənəvi birliyimizin rəmzi olan bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularının təcəssümüdür.

Ə.Abbasov zəngin tarixə malik İdarəetmə Sistemləri İnstitutunda uzun illər ərzində aparılan fundamental elmi tədqiqatlardan, elmi nəticələrin sənayedə tətbiqindən bəhs edib, bu istiqamətdə instituta rəhbərlik etmiş görkəmli şəxsiyyətlərin, xüsusilə akademik Telman Əliyevin misilsiz xidmətlərindən söz açıb. Rəhbərlik etdiyi dövr institutunun kollektivinin fəaliyyətini yüksək qiymətləndirən alim bildirib ki, İdarəetmə Sistemləri İnstitutu təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan ciddi elmi məktəbə çevrilmişdir. İnstitutda uzun illər ərzində aparılan fundamental elmi tədqiqatlar ölkə iqtisadiyyatının və texnologiyasının inkişafında həlledici rol oynamışdır.  

Ə.Abbasov, iclasda həmçinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli Sərəncamına əsasən İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında yaradılan Riyaziyyat İnstitutunun yaradılmasını yüksək qiymətləndirmiş, yeni elm strategiyasını müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması yolunda atılmış müstəsna addım kimi xarakterizə etmişdir. 

Riyaziyyat İnstitutunun direktoru vəzifəsinin icrasının t.e.d. Elxan Səbziyevə həvalə olunduğunu bildirən akademik İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından riyaziyyat və kibernetika elmlərinə mühüm töhfələr bəxş etmiş alimi təbrik edib, ona təyin olunduğu yeni vəzifədə Azərbaycan elminin inkişafı, elm və təhsilin inteqrasiyası istiqamətində yeni müvəffəqiyyətlər arzu edib.

İnstitutun gələcək fəaliyyət istiqamətləri ilə bağlı böyük ümidlər bəslədiyini ifadə edən akademik yeni yaradılan müəssisənin elm və təhsil sahəsində yeni dövrün başlanğıcını qoyduğunu və bu inteqrasiyanın Azərbaycanın intellektual gücünü artıracağını vurğulayıb. O, Riyaziyyat İnstitutunun beynəlxalq elmi məkanda rəqabətədavamlı nəticələr əldə edəcəyinə və qlobal çağırışlara cavab verəcək innovativ həllər təklif edəcəyinə əminliyini ifadə etmişdir. 

Çıxışının ən təsirli məqamlarından biri də akademikin kollektivlə vidalaşması olmuşdur. O, uzun illər rəhbərlik etdiyi bu institutun onun üçün sadəcə bir iş yeri deyil, eyni zamanda mənəvi bir yuva olduğunu qeyd etmişdir. Doğma kollektivə müraciət edən Ə.Abbasov onlarla birgə keçirdiyi illəri, qazanılan uğurları və elmi müzakirələri unutmayacağını səmimiyyətlə ifadə etmişdir. O, hər bir əməkdaşa şəxsi minnətdarlığını bildirmiş və onların gələcək uğurları ilə hər zaman fəxr edəcəyini vurğulamışdır. 

Sonra t.e.d. Elxan Səbziyev çıxış edərək tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü münasibətilə təbrik edib, yeni elmi nailiyyətlər arzulayıb. İdarəetmə Sistemləri İnstitutunun Azərbaycan elminin inkişafında oynadığı müstəsna roldan söz açan alim bu istiqamətdə akademik Telman Əliyev və Əli Abbasovun misilsiz töhfələrindən bəhs edib. E.Səbziyev ölkə rəhbərliyi tərəfindən Azərbaycan elminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən yeni inkişaf konsepsiyasının önəmini nəzərə çatdıraraq Riyaziyyat İnstitutunun yaradılmasının elm və təhsil sahəsində yeni dövrün başlanğıcını qoyduğunu bildirib, ona göstərilən bu yüksək etimadı doğruldacağını ifadə edib.

Daha sonra r.ü.f.d., dosent Ələkbər Axundov, Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyasının müdiri, r.e.d., professor Knyaz Məmmədov, mühəndis-proqramçı Soltan Məmmədov çıxış edərək İdarəetmə Sistemləri İnstitutunun tarixindən, xüsusilə akademik Telman Əliyevin və akademik Əli Abbasovun rəhbərliyi dövründə həyata keçirilən əməli tədbirlərdən və əldə edilən mühüm elmi nəticələrdən söz açıblar. Həmçinin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən Azərbaycan elminin inkişaf strategiyasından bəhs edərək yeni yaradılan Riyaziyyat İnstitutuna rəhbər təyin edilən Elxan Səbziyevə uğurlar arzulamış, bu istiqamətdə institut alimlərinin qarşısında duran vəzifələri nəzərə çatdırıblar.

Sonda ölkə başçısı tərəfindən elm və təhsilin inkişafı istiqamətində həyata keçirilən siyasətin önəmini vurğulayan Ə.Abbasov yeni yaradılan Riyaziyyat İnstitutunun kollektivi tərəfindən daha da effektiv tədqiqatlar aparılacağına əminliyini ifadə edib, özünü daima bu əziz kollektivin üzvü hiss edəcəyini bildirib.

Seçilən
49
1
unikal.az

10Mənbələr