Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə cərimə tətbiq ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.