2025-ci il SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) üçün bir sıra əhəmiyyətli yeniliklər və rekord göstəricilərlə yadda qaldı.
FED.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib. Rektor başa çatmaqda olan il üzrə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir sıra uğurlarını vurğulayıb:
Prezident təqaüdçülərinin sayına görə yeni rekord
Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə Azərbaycan təhsil tarixində növbəti dəfə rekorda imza atdı. Bir neçə ildir ardıcıl olaraq Prezident təqaüdçülərinin sayına əsasən liderliyini qoruyan Bakı Ali Neft Məktəbi bu il rekordunu yenilədi və 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu oldu.
İki yeni ixtisasın açılması
Bakı Ali Neft Məktəbində bu il iki yeni ixtisasa - Maliyyə və Data analitikası ixtisaslarına qəbul həyata keçirilməyə başlanıldı. Hər iki ixtisas ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu. II qrup üzrə Prezident təqaüdünə layiq görülən 25 tələbənin 12-si yeni açılmış Maliyyə ixtisasının tələbəsi oldu.
Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Data analitikası ixtisasına qəbul həyata keçirilməyə başlanıldı. İlk dəfə qəbul aparılmasına baxmayaraq bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu.
Məzunların işləmə göstəricisi üzrə lider
Bakı Ali Neft Məktəbinin məzunlarının işlə təminolunma göstəricisi yüksək olaraq qalmaqdadır. Dövlət Məşğulluq Agentliyinin 2025-ci il statistikasına əsasən, Bakı Ali Neft Məktəbi məzunların məşğulluq faizinə görə TOP 5 universitet arasında ölkə üzrə liderdir.
Startap və innovasiyalar sahəsində liderlik
Bakı Ali Neft Məktəbi startaplar və innovasiyalar universiteti kimi də tanınır. Təkcə 2025-ci ildə 30-dan çox startap layihəsi təqdim olunub, 20-dən çox hakatonda qalibiyyət əldə edilib.
Bakı Ali Neft Məktəbi bu il də “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb olub. Şimali Kipr Türk Respublikası və Türkiyədə (İstanbul) keçirilən “Teknofest” Aerokosmik və Texnologiya Festivallarının nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin komandaları ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat (1-i fərdi) qazanıblar.
“IDDA Awards 2025” uğurları
Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzi, həmçinin Mərkəzin rəhbəri Emiliya Əhmədova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards 2025” müsabiqəsində aşağıdakı mühüm uğurları əldə edib:
Ekosistem Lokomotivi —Emiliya Əhmədova, I yer
İKT-də İlin Qadını — Emiliya Əhmədova, I yer
İlin Ekosistem Oyunçusu — BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi, III yer
İlin Bacarıq Gücü — BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi, II yer
Tələbə uğurları: beynəlxalq yarışlarda qalibiyyət
Tələbələr beynəlxalq proqram və müsabiqələrdə də mühüm uğurlar əldə ediblər. Onlar “Aspire Leaders”, “GIST”, “Seeds for the Future”, “Startupbootcamp”, JACAFA kimi nüfuzlu beynəlxalq proqramlarda qalib və iştirakçı olublar.
Beynəlxalq əlaqələrin genişlənməsi və əcnəbi tələbə artımı
Bakı Ali Neft Məktəbi bir çox beynəlxalq universitetlə əlaqələrini genişləndirib, əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin, təhsil alan əcnəbi tələbələrin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu il əcnəbi tələbələrin sayında 67% artım qeydə alınıb. Hazırda BANM-də 25 ölkədən 107 tələbə təhsil alır.
Ali təhsil proqramlarının ixracı
Bakı Ali Neft Məktəbi həm də Azərbaycan ali təhsil sistemində ilkə imza ataraq ali təhsil proqramlarının ixracını həyata keçirir.
Belə ki, SOCAR və “Uzbekneftegaz” şirkəti arasında 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun müddəalarından irəli gələrək BANM ilə Özbəkistan universitetləri arasındakı müqavilələrə əsasən, Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə həyata keçirilən ikili diplom proqramları bu il də uğurla icra olunub. Bu il həmin ali təhsil müəssisələrindən 16 özbək tələbə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almağa başlayıb.
Hazırda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır. Ümumilikdə, bu ölkədən olan tələbələrin sayı 25 nəfərdir.
Konqoda insan kapitalının inkişafına dəstək
Bakı Ali Neft Məktəbinin qazandığı beynəlxalq uğurlardan biri də Konqoda insan kapitalının formalaşması prosesində rol oynamasıdır.
SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında 4 aprel 2024-cü il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, SNPC şirkətinin təqaüdü ilə konqolu tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaları uğurla icra olunur. Hazırda Bakı Ali Neft Məktəbində 17 konqolu tələbə təhsil alır. Onlardan 9 nəfəri bu il qəbul olub.
İnstitusional Akkrediyasiya proqramından uğurla keçmə
İlin əvvəlində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi və müstəqil ekspertlər tərəfindən BANM-in institusional akkreditasiyası keçirilib.
Bütün akademik proqramların Beynəlxalq akkreditasiyaya cəlb edilməsi
2025-ci ildə ilk dəfə olaraq BANM-in bütün akademik proqramları beynəlxalq proqram akkreditasiya prosesinə cəlb olundu. Bu proses Almaniyanın xüsusilə mühəndislik istiqaməti üzrə dünyada nüfuz qazanmış akkreditasiya agentliyi olan ASIIN tərəfindən aparıldı.
Nüfuzlu beynəlxalq reytinqlərdə ilk uğurlar – THE Impact Rankings 2025
Bakı Ali Neft Məktəbi beynəlxalq reytinqlərə daxil olmağa başlayıb.
“Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, BANM yüksək nəticəyə nail oldu. BANM ölkə üzrə 2-ci sırada qərarlaşaraq, dünya universitetləri arasında 801–1000-ci yerləri bölüşdü. “THE Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir.
Rəqəmsal Biliklər Liseyinin açılması
Bakı Ali Neft Məktəbinin tərkibində artıq Rəqəmsal Biliklər Liseyi fəaliyyət göstərir. Bu il liseyin təntənəli açılış mərasimi keçirilib. Texniki biliklərin öyrədilməsinə üstünlük verilən bu orta təhsil müəssisəsi ilk ilindən yüksək nəticələr göstərən şagirdlərin seçimi olub. Belə ki, lisey və gimnaziyalara mərkəzləşdirimiş qaydada keçirilən qəbul imtahanında ölkə üzrə ən yüksək bal (62.75) toplayan şagird məhz Rəqəmsal Biliklər Liseyini seçib.
Doktorantura səviyyəsində ilk müdafiə
Başa çatmaqda olan il Bakı Ali Neft Məktəbi üçün ilk doktorantının müdafiəsi ilə də yadda qaldı. Belə ki, Bakı Ali Neft Məktəbinin həm bakalavr, həm magistratura məzunu, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Aidə Aslanova doktorluq dissertasiyasını uğurla müdafiə etdi.
Məzunların dünyanın TOP Universitetlərinə təqaüdlə qəbulu
Bakı Ali Neft Məktəbinin məzunları Dövlət Proqramının təqaüdü ilə dünyanın aparıcı ali məktəblərində, o cümlədən Stanford Universiteti, London İmperial Kolleci, Kolumbiya Universiteti, Sidney Universiteti, London Kral Kolleci, Edinburq Universiteti və digər nüfuzlu universitetlərdə təhsillərini davam etdirdilər.
KOBİA-nın 92 minlik qrantının qazanılması
Bakı Ali Neft Məktəbinin tələbələri və əməkdaşları tərəfindən təqdim olunan 5 layihə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2025-ci il üzrə VII qrant müsabiqəsinin qalibi olub. 5 layihəyə 92 min manata yaxın qrant ayrılıb.